AZ   |   RU
ABŞ-nin Meyn ştatında Xocalı qurbanları anılıb

ABŞ-nin Meyn ştatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar  anım tədbiri keçirilib.


Missiya.Az xəbər verir ki, Portlənd şəhərində fəaliyyət göstərən Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə  şəhərin ictimai və siyasi xadimləri, Azərbaycan icmasının, eləcə də, ABŞ-də yaşayan, Azərbaycana dost münasibəti bəsləyən müxtəlif xalqların nümayəndələri  iştirak edib. 


Anım tədbirində iştirak edən azyaşlılar Azərbaycan Dövlət himnini ifa edib, Xocalı hadisələrinə  aid çəkdikləri rəsmləri nümayiş etdirib, şeirlər səsləndiriblər. 2-ci Qarabağ müharibəsinin canlı şahidi olan  məktəblilərdən biri müharibə vaxtı Tərtər rayonunda olduğunu, təhsil aldığı məktəbin bombalanması zamanı keçirdiyi dəhşətli hissləri və acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Anım mərasimində çıxış edən qonaqlar dünya ictimaiyyətini Xocalı faciəsinə biganə yanaşmamağa çağırıblar.


Xatırladaq ki, Leviston şəhərində yerləşən “Munka Art Gallery”də baş tutan tədbir çərçivəsində nümayiş olunan Xocalı həqiqətlərini əks etdirən fotosərgi, informativ posterlər tədbir iştirakçılarının marağına səbəb olub. Anım tədbirində Xocalı qurbanlarının xatirəsinə şamlar yandırılıb, anım guşəsinə güllər düzülüb.


Missiya.Az



  • 26-02-2024, 16:01