AZ   |   RU
Azərbaycan-Türkiyə münasibətlərinin yeni dövrü – möhtəşəm Türk əsrinə doğru...


Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

 
Təsadüfi deyildir ki, yenidən prezident seçilmiş cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində  - “Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”- fikirlərini bildirərək, yeni dövrdə Türkiyə-Azərbaycan münasibətləinin yol xəritəsini də anlatmış oldu.


Bizim başqa ailəmiz yoxdur, başqa sözlə desək, türkün türkdən başqa dostu yoxdur! Bu səbəblə Azərbaycan prezidentinin yenidən prezident seçildikdən sonra ilk rəsmi səfər etdiyi ölkə də məhz qardaş Türkiyə olmalı idi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, Liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır.


 Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib.


Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən cənab prezident bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişaf edəcəyinə bir daha zəmin yaratdı.


Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunəvi qardaşlıq və inkişaf modelidir.

Görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı və gələcək inkişafında önəmlidir. 44 günlük Vətən Müharibəsində bir an olsun belə Azərbaycanı tək qoymayan Türkiyə, qanıbir, canıbir qardaş olduğumuzu bütün dünyaya sübut etdi. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.

 

Sevindirici haldır ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu birlikdən bütün Türk Dünyası bəhrələnəcək. Cənab prezidentin qeyd etdiyi kimi, Türk Dünyası adlı ailəmiz daha da böyüyəcək, inkişaf edəcək, gələcək nəsillərin önündə yeni üfüqlər açacaqdır. Artıq hamılıqla bu aydınlığa şahidlik edirik. 

 

Gələcəyə yönəlmiş önəmli anlaşmalardan biri də təhsillə bağlıdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki gənc nəsil həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

 

Görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı və gələcək inkişafında önəmlidir. Təbii ki, bu uğurların reallaşmasında hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır.

 

Qardaş dövlətlərin rəhbərlərinin xüsusi önəm və dəstək verdiyi ortaq universitet layihəsi elə hər iki ölkənin təhsil sisteminə böyük dəyişiklik və yeni nəfəs gətirəcəkdir. 

 

Türkiyə mətbuatının yazdığına görə, baş ofisi Bakıda olacaq universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və informatika sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq.

 

Bu biz təhsil işçilərini sevindirməyə bilməz. Düşünürəm ki, məhz bu layihənin gerçəkləşməsi həm Azərbaycan, həm də Türkiyə  təhsil sistemində bir inqilab, bir təfəkkür “partlayışı” olacaqdır. Bununla da yeni dövrə qədəm qoyan Türkiyə-Azərbaycan münasibətləri ortaq qədim tariximizin sütunları üzərində zirvələrə doğru daha bir təməl atmış oldu. Bu qala kimi yenilməz, yumruq kimi möhkəm, idrakın, elmin, tərəqqinin inkişafına xidmət edəcək birliyimizin ən şanlı təntənəsi olaraq möhtəşəm Türk əsrinin başlanğıcıdır.   

 

Vüsalə Məmmədova 

Nizami rayon 229 saylı məktəbin direktoru



  • 21-02-2024, 19:32