AZ   |   RU
Elə bir nəsil yetişdirməliyik ki... - məktəb direktoru yazır


14 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Azərbaycan xalqının taleyinə faciələrlə yazılmış fevral ayı məhz 7 fevraldan başlayaraq bu axarı dəyişməyə başladı. Üç il öncə dünyaya ədalət dərsi keçən Azərbaycan qalibiyyəti ilə bütün türk dünyasına günəş kimi doğdu. Azərbaycanı və azərbaycan xalqını qalib edən lider bu dəfə də Zəfər seçkisi elan etməklə, xalqın etimadını qazanmaqla yanaşı, milli birliyimizi bir daha sınağa çəkdi. Xalqımız öz liderinə olan inamı, Ulu Öndər Heydər Əliyevə olan sədaqətini 7 fevral tarixində bir daha sübuta yetirdi.



“Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik” – bu fikirləri izhar edərkən Müzəffər Ali Baş Komandan İlham Əliyev də xalqa necə arxalandığının vizual görüntüsünü yaratmış olurdu. İstər 44 günlük Vətən müharibəsində, istərsə də 7 fevral 2024-cü il tarixində keçirilən Zəfər seçkisində məhz bu fikirləri xatırlayaraq, Dəmir Yumruğu gözümüz önündə canlandıra bilərik.


Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunun qorxaq və təslimçi ordu olduğunu göstərdik. Məhz liderimizin rəhbərliyi altında Qarabağ işğaldan azad oldu, Xankəndidə bayrağımız dalğalanır, Şuşa isə Qafqazın ən inkişaf etmiş şəhərlərindən birinə çevrilməkdədir. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter, avantüra xarakteri daşımırdı və mənasız deyildi.


Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü.


Cənab prezident fevral ayının 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bu tarixi fakta belə aydınlıq gətirdi: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”


Bəli, erməni faşizminin tabutunun son mismarının Azərbaycana məxsus olması və bir Azərbaycan sərkərdəsi tərəfindən vurulması tariximizə yazılmış ən şanlı səhifələrdən biridir. Biz bu məsələni bitirsək də, tabutu basdırğımız məzarı heç zaman unutmamalıyıq. Bu məzarda həm də Azərbaycan xalqının 30 ildə başına gətirilən ən qanlı faciələri də dəfn olunub. Ağrımız, acımız, xoş olmayan xatirələrimiz bizimlə olsa da, o faciələri gömüb, gələcək nəsillərə bir daha yaşatmamaq andı içməliyik biz də! Biz təhsil işçilərinin əm ümdə vəzifəsi elə bir gənc nəsil yetişirməliyik ki, cənab prezidentin andı kimi Vətənə, dövlətə sədaqət və inamla böyüsünlər.


Ali Baş Komandanın çıxışında dediyi kimi: “Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.


Cənab prezidentin çıxışında təhsilə, gənc nəslə, milli-mənəvi dəyərlərə bu cür yanaşması təbii ki, bir müəllim olaraq bizləri olduqca ruhlandırır, eyni zamanda qarşımızda yeni vəzifələr qoyur. Birmənalı olaraq, baş verənlər epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Həm düşüncə, həm siyasi, həm də müxtəlif istiqamətlərdə inkişaf dövlətimizin qızıl intibahının göstəricisidir. İnamımız Zəfərimiz qədər möhkəmdir! Etimadımız tam, gələcəyə olan ümidlərimiz sonsuzdur. Qoy cənab prezidentlə başlayan yeni dövr, Azərbaycan xalqının bundan sonrakı tarixinə daha parlaq işıq saçsın!


Nizami rayonu Yuri Kovalyov adına 229 nömrəli məktəbin direktoru
Vüsalə Məmmədova


  • 18-02-2024, 18:18