AZ   |   RU
Azərbaycan lideri Münxendə ABŞ Prezidentinin xüsusi koordinatoru ilə görüşüb - YENİLƏNİB



Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Amos Hoxşteyn COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı.

Görüşdə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olundu, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparıldı.



  • 16-02-2024, 21:23