AZ   |   RU
Türkiyənin ticarət naziri “Bakı KOB evi”ndə olub


Azərbaycana səfəri çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub, burada sahibkarlara vahid məkanda xidmətlərin təşkili üçün yaradılmış şəraitlə tanış olub.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə nümayəndə heyətinə KOB evi konsepsiyası, məqsədləri, KOB evlərinin biznesin işini asanlaşdırması, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat veriblər.


Qeyd edilib ki, biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən KOBİA-nın tərkibində KOB evləri yaradılıb. KOB evlərinin məqsədi sahibkarlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Bu sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta, notarius və digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.


KOB evi ilə tanışlıq zamanı həmçinin, dövlət və özəl qurumlar tərəfindən sahibkarlara xidmətlərin göstərilməsinə, bu sahədə müasir texnologiya və innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.


Türkiyə nümayəndə heyəti öz növbəsində “Bakı KOB evi” təcrübəsinin onlarda müsbət təəssürat yaratdığını bildirib.



  • 20-12-2023, 21:15