10 dekabr tarixində Bakıda keçirilən Qələbə paradı isə böyük qələbəmizin məntiqi sonluğu, düşmən üzərində qələbəmizin nümayişi idi.
İlk dəfə olaraq Azadlıq meydanında Qələbə paradı keçirildi. Paradda 3000 şəxsi heyətin və 150 hərbi texnikanın iştirakı onun möhtəşəmliyinin göstəricisi idi.
Döyüş meydanlarında ələ keçirilmiş, vurulmuş düşmən texnikasının paradda nümayişi isə məğlub tərəfə sanki bir göz dağı idi. Eyni zamanda düşmən texnikasının ələ keçirilmiş texnikasının nişanlarından istifadə edilməklə “Qarabağ –Azərbaycandır! şüarı yazılmış maşının paradda keçməsi xalqımızda xüsusi riqqət və məğrurluq hissləri yaratdı.
Paradın möhtəşəmliyini göstərən başqa bir amil qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğanın və digər hökumət və parlament üzvlərinin, eləcə də hərbçilərin bu paradda iştirak etmələri idi. Müharibənin ilk günlərindən Türkiyə Azərbaycanın yanında oldu, ona hər cür dəstək göstərdi. Məhz Qələbə paradında da onların iştirakı qardaşlığmızın və əbədi dostluğumuzun bir simvolu idi.
Azərbaycan hərbçiləri ilə Türk hərbçilərinin yanaşı addımlaması bir daha dünyaya bir mesaj idi, dünya bilsin ki, Azərbaycan tək deyildir, onun haqq savaşında Türkiyə kimi bir ölkə yanındadır. Zəfər paradı Azərbaycan-Türkiyə birliyinin bir daha təqdimatı oldu. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi qəbul olundu.
Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi. Paradda çıxış edən Azərbaycan Prezidenti bu barədə demişdir: “Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər Paradında birgə iştirak da bu birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya nümayiş etdirdi”.
Paradda ən yadda qalan məqamlardan biri də Şuşada qaldırılan Qələbə bayrağının parada gətirilməsi idi. Bu bayraq qələbə bayrağı, zəfər bayrağıdır. Onun uğrunda minlərlə oğul və qızlarımız canından keçmişlər. Eyni zamanda bu bayraq qələbəmizin göstəricisi, qalibiyyətimizin simvoludur.