AZ   |   RU
Qələbə paradı - qüdrətimizin nümayişi!


2020-ci il 27 sentyabrdan başlayaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəmi 44 gün çəkdi. Tariximizə 44 günlük Vətən müharibəsi kimi yazılan bu səhifə erməni işğalçı qüvvələri üzərində tam qələbə ilə nəticələndi. Elə döyüşlərin ilk günlərində cəbhədə böyük üstünlük qazan ordu hissələrimiz tezliklə bir sıra kənd və şəhərləri azad etdi, strateji yüksəkliklərə sahib oldu. Düşmənin 30 il müddətində qurduğu istehkamlar, döyüş texnikası, canlı qüvvəsi darmadağın edildi. 8 noyabrda Qarabağın tacı olan Şuşa şəhərinin düşməndən azad olunması müharibənin qalibiyyətlə başa çatdırılmasında son əməliyyat kimi hərb tariximizə yazıldı. Şuşanın azad olunmasından sonra ermənistanın hərbi-siyasi rəhbərliyi artıq uduzduqlarını tam anlamda başa düşdülər və sonrakı ağır zərbələrdən özlərini xilas etmək üçün kapitulyasiya Bəyannaməsini imzalamağa razı oldular. 10 noyabr Bəyannaməsini imzalanmaqla Azərbaycanın Vətən müharibəsində tam qələbəsi təsdiqləndi, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana verildi. 8 noyabr Şuşanın azad olunduğu gün Zəfər bayramı kimi şanlı tariximizə qızıl hərflərlə yazıldı. Bu qələbə 30 illik işğala, yurddaşlarımızın torpaq həsrətinə son qoydu. Bu qələbə eyni zamanda Azərbaycan Prezidentinin qətiyyətini və ordumuzun qüdrətini dünyaya bəyan etdi. Vətən müharibəsi bütün dünyaya, xüsusilə də erməni havadarlarına bir daha göstərdi ki, Azərbaycan xalqı öz əzəli tarixi torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayacaq və nə yolla olursa olsun onları geri alacağıq, işğalçı qüvvələri bu torpaqlardan qovacağıq.
 
Vətən müharibəsində qazanılan tarix Zəfər qələbəsi dövlət xalq birliyinin möhtəşəmliyini, xalqımızın ordumuza olan böyük inamını bir daha göstərdi. 10 dekabr tarixində Bakıda keçirilən Qələbə paradı isə böyük qələbəmizin məntiqi sonluğu, düşmən üzərində qələbəmizin nümayişi idi. İlk dəfə olaraq Azadlıq meydanında Qələbə paradı keçirildi. Paradda 3000 şəxsi heyətin və 150 hərbi texnikanın iştirakı onun möhtəşəmliyinin göstəricisi idi. Döyüş meydanlarında ələ keçirilmiş, vurulmuş düşmən texnikasının paradda nümayişi isə məğlub tərəfə sanki bir göz dağı idi. Eyni zamanda düşmən texnikasının ələ keçirilmiş texnikasının nişanlarından istifadə edilməklə “Qarabağ –Azərbaycandır! şüarı yazılmış maşının paradda keçməsi xalqımızda xüsusi riqqət və məğrurluq hissləri yaratdı. Paradın möhtəşəmliyini göstərən başqa bir amil qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğanın və digər hökumət və parlament üzvlərinin, eləcə də hərbçilərin bu paradda iştirak etmələri idi. Müharibənin ilk günlərindən Türkiyə Azərbaycanın yanında oldu, ona hər cür dəstək göstərdi. Məhz Qələbə paradında da onların iştirakı qardaşlığmızın və əbədi dostluğumuzun bir simvolu idi. Azərbaycan hərbçiləri ilə Türk hərbçilərinin yanaşı addımlaması bir daha dünyaya bir mesaj idi, dünya bilsin ki, Azərbaycan tək deyildir, onun haqq savaşında Türkiyə kimi bir ölkə yanındadır. Zəfər paradı Azərbaycan-Türkiyə birliyinin bir daha təqdimatı oldu. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi qəbul olundu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi. Paradda çıxış edən Azərbaycan Prezidenti bu barədə demişdir: “Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər Paradında birgə iştirak da bu birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya nümayiş etdirdi”.
Paradda ən yadda qalan məqamlardan biri də Şuşada qaldırılan Qələbə bayrağının parada gətirilməsi idi. Bu bayraq qələbə bayrağı, zəfər bayrağıdır. Onun uğrunda minlərlə oğul və qızlarımız canından keçmişlər. Eyni zamanda bu bayraq qələbəmizin göstəricisi, qalibiyyətimizin simvoludur. Cənab Prezident İlham Əliyev 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında qeyd etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
 
10 dekabr Qələbə paradında artıq həmin günün şahidi olduq.

Qəhrəman Qasımov Qarabağ veteranı, Əməkdar müəllim




  • 10-12-2023, 10:54