Bir dövlət olaraq son illər ərzində ölkəmizdə baş verən dəyişikliklər tariximizdə silinməz izlər qoymuşdur. Ən böyük tarixi hadisə isə İkinci Qarabağ müharibəsidir. 2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycan Respublikasının şanlı qələbəsi ilə başa çatmışdır. Sadəcə 44 gün davam edən bu müharibə zamanı hamı, dost- düşmən ölkəmizin gücünü, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətini, Azərbaycan Silahlı Qüvvələrinin əzəmətini bir daha görmüş oldu. Bu qədər böyük və möhtəşəm qələbəyə ancaq dünyaya səs salacaq bir tarixi Zəfər paradı yaraşardı. Müzəffər lider İlham Əliyevin rəhbərliyi ilə belə də oldu. Dünyanın aparıcı qüvvələrinin diqqətini çəkəcək böyük Zəfər paradı 2020-ci il 10 dekabr tarixində Bakının Azadlıq meydanında həyata keçirilmişdir. Əlbəttə ki, bu tarixi günlərdə qardaş ölkə Türkiyə yenə Azərbaycan Respublikasının yanında idi. Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etdilər. Türkiyə Respublikasının istər Vətən müharibəsi zamanı, istərsə də Zəfər paradı zamanı Azərbaycanın yanında olması bütün dünyaya bir daha ölkəmizin yalnız olmadığını göstərdi.
Sadəcə 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin atıb qaçdıqları hərbi texnika və hərbi qənimətlər parad zamanı nümayiş etdirilmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Həmçinin Şuşa şəhəri azad edildikdən sonra orda qaldırılan üçrəngli bayrağımız parada gətirilmişdir.
Nəinki Vətən müharibəsi, həm də Zəfər paradı və sonrakı üç il ərzində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının qüdrətini və əzəmətini dünyanın gözləri önünə sərirdi. Bütün bu qalibiyyətlər, qazanılan qələbələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi uzaqgörən və müdrik daxili və xarici siyasət strategiyası sayəsində mümkün olmuşdur.
Zərxanım Abbasova – Gənc jurnalist