Bu gün dünyanın geosiyası nizamının yenidən qurulmasının şahidiyik. Bunu bir sıra bölgələrdə açıq-aydın müşahidə etmək mümkündür. Bunun üçün həmin bölgələrdə qaynar nöqtələr yaradılaraq və dövlətləri müharibəyə sövq edərək, münaqişə ocaqlarından milyardlarla dollar qazanc əldə edirlər. Müharibəyə məcbur edilən dövlətlər isə həmin güc mərkəzinin istər istəməz təsir dairəsinə keçir və istədiklərini də asanlıqla həyata keçirə bilirlər. Həmin güc mərkəzi üçün böyük şəhərlərin xarabaya çevrilməsi və milyonlarla insanın həlak olması onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar həmin münaqişə ocaqlarını qızışdıraraq pul qazanır, istəklərinə asanlıqla nail olurlar. Belə ölkələrin bəlkə də ən birincisi özünü dünyada fövqəl güc hesab edən ABŞ-dır.
ABŞ bu gün dünyanın bir sıra bölgələrində münaqişə ocaqları yaratmaqla məşğuldur. Bu da artıq Ağ Evdə adət-ənənə halına çevrilmiş bir prosesdir. Ukraynadakı müharibənin başlanmasının da ən böyük səbəbkarı deyərdik ki, məhz Vaşinqtondur. Çünki ABŞ Ukraynanı Rusiyaya qarşı savaşa cəlb etmək üçün uzun illərdir ki, bu planın üzəridə durmadan çalışırdı. Nəhayət ötən ilin fevralında istədiyinə nail oldu. Ukraynadkı müharibənin gedişinə yaxından nəzər salsaq görərik, 1 il yarımdır münaqişə davam etməsinə baxmayaraq, Kiyev elə də ciddi uğur əldə edə bilməyib. Ukraynanı müharibəyə sövq edən və Kiyevin istədiyi silahları verməyən ABŞ bu gün həmin ölkəni özündən tam asılı vəziyyətə salıb. Ərazisinin 25%-i işğal altında olan Ukraynanı ABŞ indi danışıqlara məcbur etməyə çalışır və Kiyevi də buna razı salmaq üçün müxtəlif yollarla təzyiq etməyə səy göstərir. Vaşqintonun hiyləli siyasətinin qurbanına çevrilən Ukraynanın bu gün bir sıra şəhərləri xarabalığa çevrilib on minlərlə insanı həlak olub, milyonlarla insanı isə ölkəni tərk etmək məcburiyyətində qalaraq, qaçqın kimi həyat sürür.
Ukraynadakı müharibə başlanan andan etibarən ABŞ özü başda olmaqla Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladılar. Vaşinqton buna əməl etməyən dövlətlərə qarşı müxtəlif üsullarla təzyiq etməyə çalışdı. ABŞ-ın təzyiqinə isə ən çox məruz qalan Avropa ölkələri oldu. Həmin ölkələr üçün ən böyük sıxıntı isə Vaşinqtonun tələbi ilə Rusiya qazından imtina edilməsi idi. ABŞ-ın burada əsas məqsədi isə Avropa ölkələrinə özünün istehsal etdiyi NLG qazını satmaq idi. ABŞ-ın istehsal etdiyi həmin qaz Rusiya qazından qat-qat bahalıdır. Deməli, burada Vaşinqtonu maraqlandıran əsas amil Avropa ölkələrinin taleyini düşünmək yox, özünün baha qazından milyardlarla dollar gəlir əldə etməkdir. Vaşinqton Rusiyaya qarşı sanskiyala qoşulmaq üçün Türkiyəyə də müxtəlif yollarnan təzyiq etməyə cəhd göstərsə də, prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində qardaş ölkə belə bir provakasiyaya getmədi.
Ukraynadakı müharibə davam edərkən ABŞ Ermənistan vasitəsilə bu gün Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün ciddi səy göstərir. Və bunun üçün də özünün hakimiyyətə gətirdiyi Ermənistan baş naziri Nikol Paşinyana müxtəlif üsullarnan təzyiq göstərərək, onu buna məcbur edirlər. Son günlər Paşinyanın Moskvanın əleyhinə sərt bəyanatlar səsləndirməsinin və Ermənistanda baş tutan erməni-amerikan hərbi təlimlərinin də keçirilməsi Vaşinqton administrasiyasının İrəvan hakimiyyətinə ciddi basqılar etdiyinin nümunəsidir. Paşinyan son dövrlərə kimi Qərblə Rusiya arasında ikili oyun oynamağa çalışsa da Qərbin təztiqlərindən sonra Moskvaya qarşı mərkəzdən qaçma siyasəti yürütməyə başladı.
Ermənistan baş nazirinin ABŞ-dan "cəsarət" alıb Moskva əleyhinə sərt bəyanatlar verməsi İrəvana çox baha başa gələcək. Ən azından Paşinyan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini və Ukrayna dövlət başçısı Volodimir Zelenskinin bu gün başına gələnlərdın dərs götürməlidir. Əgər Paşinyana Vaşinqtona arxalanıb bu cür siyasətini davam etdirəcəksə o zaman Ermənistan Cənubi Qafqazın Ukraynasına çevriləcək. Bundan isə ən çox zərəri məhz Ermənistan və onun xalqı görəcək. Gürcüstan və Ukrayna kimi Ermənistanın minlərlə insanı həlak olacaq, ərazisi isə xarabalığa çevriləcək. İndi seçim Paşinyanındır, ya Azərbaycanla sülh müqaviləsini imzalayıb ölkəni böyük bəladan qurtarmalıdır, ya da ABŞ-ın fətvasına uyaraq Ermənistanı Cənubi Qafqazın xarabalığına çevirməli...
Daşqın Həsənov
Missiya.Az