AZ   |   RU
Uğurlu Qarabağ siyasətinin Moldova səhifəsi - “Avropa siyasi birliyi” əlverişli platformaya çevrilib


Azərbaycan Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfər etdi. Qeyd edək ki, builki zirvə toplantısında 47 ölkənin dövlət və hökumət başçıları iştirak edirdi. Dövlət başçısı Kişinyovda keçirilən zirvə toplantısı zamanı bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirdi.

Cənab Prezidentin burada ilk görüşü Moldova prezidenti Maya Sandu və həmin ölkənin baş naziri Dorin Reçan ilə oldu. Bundan əlavə İlham Əliyev “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masada və işçi lançda iştirak edib. Dövlət başçısının diqqətçəkən görüşlərindən biri də Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüş oldu. Liderlər arasında keçirilən görüş zamanı Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə dövlət başçısına təşəkkürünü bildirdi və bunun çox yüksək qiymətləndirildiyini dedi. Dövlət başçıları görüş əsnasında hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini təqdirə layiq hesab etdilər.

Sayca ikinci dəfə keçirilən bu toplantını uğurlu platforma kimi qiymətləndirmək olar. Çünki Avropa Şurası və ATƏT kimi təşkilatlar bu gün bir sıra səbəblərdən ciddi böhran yaşayır və nüfuz dairələri get-gedə daralmağa başlayır. “Avropa siyasi birliyi” Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platforma olmaqla yanaşı, geosiyasi proseslərin mövcud inkişaf mərhələsində yeni istiqamətlərin və konfiqurasiyaların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.  “Avropa siyasi birliyi”nin prioritet hesab etdiyi istiqamətlər Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmiz uzun illərdir ki, sözügedən sahələrdə ciddi və nümunə ola biləcək  fəaliyyət sərgiləyir”.

“Avropa siyasi birliyi” üçün mühüm əhəmiyyət daşıyan məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsidir. Bu gün Azərbaycanın Avropanın enerji bazarında əsas oyunçulardan birinə çevilməsi də həmin siyasi birliyin prioritet hesab etdiyi məsələlərdəndir. Bildiyimiz kimi, Rusiyanın enerji asılığından qurtulmaq üçün Avropa ölkələri alternativ kimi Azərbaycan enerjisini mühüm amil hesab edirlər. Eyni zamanda ,Azərbaycanın Avropa Birliyinə üzv ölkələrlə digər bir sıra sahələrdə də dərin əməkdaşlığı var ki, bu da ölkəmizin qlobal müstəvidə əhəmiyyətinin göstəricisi hesab olunur.

Həmin zirvə toplantısı zamanı ölkəmiz üçün mühüm hesab edilən beştərəfli qeyri-rəsmi görüşün keçirilməsi idi. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Ermənistan baş naziri Nikol Paşinyan iştirak edirdi. Beştərəfli görüş qeyri-rəsmi hesab edildiyi üçün qeyri-formal xarakter daşıyırdı. Bu görüş zamanı iki ölkə arasında hansısa bir sənəd imzalanmadı. Şarl Mişel görüşlə bağlı bunları dedi:  “May ayında Brüsseldə keçirilən görüşdə əvvəllər qaldırılan bütün məsələləri müzakirə etmək imkanımız oldu. Sərhədin delimitasiyası, sülh sazişinin hazırlanması məsələlərini müzakirə edə bildik və bu görüş iyulun 21-də Brüsseldə planlaşdırılan görüşə əla hazırlıq idi”.

Qeyd edək ki, Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşlər hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu görüşlər zamanı iki ölkə arasında bir sıra irəliləyişlərə nail olunaraq Bakı və İrəvan arasında ciddi razılıqlar əldə olundu. Və bu səbəbdən Brüssel görüşünü hər iki ölkə üçün vacib hesab etmək olar.

Xatırladaq ki, Makronun müdaxiləsindən sonra Brüssel görüşü bir müddət öz əhəmiyyətini itirmişdi. Buna səbəb isə Makronun dördftərəfli görüş zamanı Ermənistanın haqsız mövqeyini dəstəkləməsi idi. Həmin görüş zamanı Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini zənn edirdilər. Amma Azərbaycan Prezidentinin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı təzyiq cəhdinin qarşısı alındı. Və bundan sonra İlham Əliyev bildirdi ki, Makronun İştirakı ilə Azərbaycan və Ermənistan arasında keçiriləcək rəsmi görüşdən söhbət gedə bilməz.

Daşqın Həsənov
Missiya.Az



  • 2-06-2023, 19:27