“Ermənistanda ağır atletika üzrə Avropa oyunlarının açılış mərasimində Azərbaycan bayrağının hər kəsin gözü önündə yandırılması bu ölkənin barbar, rasist və etnik zəmində dözümsüz olduğunu bir daha göstərdi”.
Bu sözləri Missiya.Az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Siyasi ekspertin sözlərinə görə, ölkələr idman oyunlarına ev sahibliyi edən zaman bir çox öhdəliklər götürür. Onlardan biri də hər bir idmançının təhlükəsizliyini, milli atributlarına hörmət prinsipini qorumaqdır. Avropa və dünya idman sahəsində məsul şəxs və təşkilatlar bu hadisəyə dair Ermənistana ciddi şəkildə təzyiq etməlidir:
“Təəssüf ki, son zamanlar Avropada da xoşagəlməz hadisələrin şahidi oluruq. O da başqa bir mövzudur. Onlar Ermənistanın adını müvafiq çempionat və təşkilatlaçılıq məsələlərindən silməlidir. Bu gün bayrağımıza qarşı belə mənfi addımlar, sabah idmançılarımıza qarşı da ola bilər. İdmançılarımızın bu gün orada iştirakı çox cəsarətli addımdır. Şübhəsiz ki, İrəvan tərəfi bu məsələdə məsuliyyəti öz üzərindən atmaq istəyəcək, amma nəticə etibarilə günahkardır. Çünki belə təxribatlara qarşı lazımi tədbirlər görməyiblər. Amma onların bu cür çirkin əməlləri heç təəccüblü də deyil. Azərbaycanda Avropa oyunları zamanı prezident İlham Əliyev məhz erməni idmançılarının boynuna medalı şəxsən özü asmış, onların təhlükəsizliyinin təmin və atributlarına hörmət edilməsinə diqqətlə yanaşılırdı. Bu əslində iki ölkənin həm idmanda, həm də real müstəvidə bir birinə olan münasibətini göstərir. Erməni tərəfinin atdığı bu addım ilk növbədə Bakı və İrəvan arasında imzalanması gözlənilən yekun sülh müqaviləsi və bu istiqamətdə gedən danışıqların baltalanmasına hesablanıb”.
Turan Rzayev bildirib ki, erməni cəmiyyətində Azərbaycan bayrağına edilən hörmətsizliyin əl çalınaraq qarşılanması və möhtəşəm hadisə kimi əks etdirilməsi bu millətlə sülh danışıqları aparılmasının mənasız olduğunu göstərir. Ermənistanın etnik zəmində xalqımıza böyük nifrət bəslədiyini bir daha gördük:
“Əslinə qalsa bu hadisə ilə paralel iki məsələni diqqətə çatdırmaq olar: Biri elə iki əsgərimizin Ermənistanda əsir düşməsi və onlara qarşı qeyri insani rəftar edilməsidir. Məlum videodan da görünür ki, əsgərimizə çox ağır işgəncələr edilir. Belə vəhşi əməl Cenevrə Konvensiyasının pozulması deməkdir. İrəvan öz dözümsüzlüyünü hər mənada büruzə verir. İdman, habelə bəzi sahələr siyasət, müharibə və nifrətdən uzaq olmalıdır. Hələ eramızdan əvvəl marafon yarışlarında, olimpiya oyunlarında bir-birilərinə düşmən olan dövlətlər də iştirak edirdi və müharibə ikinci planda qalırdı. Amma Ermənistanın keçirdiyi tədbirlərdə hər zaman təxribatlar yaşanır”.
Ermənistanda rasizmin, milli dini ayrıseçkiliyin hökm sürdüyünü vurğulayan ekspert, qeyd edib ki, onlar barbarcasına Azərbaycanın memarlıq abidələrini ard-arda söküb, milli irsimizi və mədəniyyətimizi dəfələrlə məhv etməyə çalışıblar. Dırnaqarası erməni tarixini əsaslandıracaq saxtakarlıqlara yol veriblər:
“Bu gün Azərbaycan multikultural bir ölkədir. Ermənistan isə monoetnik dövlət kimi dünyada tanınır. Amma təbii faktora görə heç monoetnik də deyil. Qərbi Azərbaycanlılar buranın əsl sakinləridir. 500 minə yaxın Qərbi Azərbaycanlı ötən əsrin 80 ci illərində sonuncu olaraq oranı tərk edib, mərhələ mərhələ İrəvandan köçürülüblər və süni yollarla buraya ermənilər gətirilib. Beləcə Ermənistan cəmiyyəti yaradılıb”.
Zərintac Mayisqızı
Missiya.Az