AZ   |   RU
Milli Məclisdə 217 sakinin problemi qaldırıldı

“Hökümət üzvlərinin iclasımızda iştirak etməsindən istifadə edərək Şəki şəhərində həlli vacib olan bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. 2020-ci ilin iyul ayında güclü külək və leysan yağışların yağması nəticəsində şəhərin mərkəzi hissəsi ilə axan Qurcana və Dəyirmanarxı çaylarının 2 km uzunluğunda istinad divarları uçub”.

Missiya.Az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, baş verən bu hadisədən sonra orada mövcud olan 217 nəfər sakinin yaşadığı və birinci mərtəbəsində iki uşaq bağçasının yerləşdiyi çoxmənzilli yaşayış binalarının bünövrələrinin altına su sızıb:

“Bina və ərazidəki obyektlərə sel düşməsi təhlükəsi yaranıb. Dəfələrlə şəhər icra hakimiyyəti müvafiq nazirlik və komitələrə müraciət edib. Artıq problemə görə şəhərin mərkəzi hissəsi olan 20 yanvar küçəsi bir müddət bağlı qalıb. Bu da Şəkiyə gələn qonaqlar və yerli sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Bilirsiniz ki, Şəki qədim tarixi və turistik şəhərdir. Şəhərin tarixi hissəsi Yunesko-nun qeyri maddi irs siyahısına daxildir. Onu da qeyd edim ki, şəhərin bu siyahıya daxil edilməsi cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük səyi və zəhməti hesabına olub. Hamıya məlumdur ki, YUNESKO-nun monitorinq qrupları mütəmadi olaraq üzv olan şəhərlərə gəlirlər və görülən işlərlə tanış olurlar. Həmin təhlükə yaranan ərazi şəhərin mərkəzi hissəsi olmaqla yanaşı, həm də tarixi hissəni birləşdirir. Dağılmış istinad divarları təhlükə ilə yanaşı həm də həmin ərazinin görkəminə ciddi xələl gətirir. Müvafiq təşkilatlardan bu məsələlərin tezliklə həll edilməsinə yardımçı olmalarını xahiş edirəm”.

Deputatın çıxışına cavab olaraq isə maliyyə naziri Samir Şərifov bildiirb ki, bununla bağlı müəyyən qeydləri götürüb:

“Aidiyyatı dövlət qurumları ilə məsələ ətrafında müzakirə aparacağıq. Ondan sonra isə müəyyən işlərin görülməsi ilə bağlı qərarlar veriləcək”.



  • 8-06-2021, 14:01