Azərbaycanı təmsil edən nümayəndələr ötən gün Xocalıda Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüşərək onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasını müzakirə edib. Görüş Xocalı şəhərində "Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında" keçirilib. Bu Xankəndində yerləşən separatçı rejimin "dövlət naziri" Ruben Vardanyanın tutduğu vəzifədən azad edilməsindən sonra baş tutmuş ikinci görüşdür. Azərbaycanı Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş, Milli Məclisin üzvü Ramin Məmmədov təmsil edib. Görüş zamanı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizə inteqrasiyası müzakirə olunub. Belə bir görüşün keçirilməsi ilə Rəsmi Bakı sübut etdi ki, Qarabağ bölgəsində yaşayan ermənilərlə Azərbaycanın heç bir problemi yoxdur. Azərbaycan orada yaşayan mülki ermənilərin bölgədən çıxarılmasında yox, Xankəndidə mövcud olan separatçı rejimin Qarabağı tərk etməsini tələb edir. Rəsmi Bakı hətta Prezident İlham Əliyev səviyyəsində də bəyan edib ki, bizim Qarabağda yaşayan ermənilərlə heç bir problemimiz yoxdur. Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edib, ölkəmizin qanunları qəbul edəcəkləri halda onlar Qarabağda qalıb yaşaya bilərlər. Əgər kimsə Azərbaycanın bu təklifini qəbul etməyəcəksə oradan köçüb gedə bilərlər.
Azərbaycan tərəfi uzun müddətdir ki, Qarabağda yaşayan ermənilərlə hər zaman dialoqa hazır olduğunu bəyan edib. Ancaq Ermənistan və Rusiya buna mane olmağa çalışırdı. Moskva ilə İrəvan Qarabağda yaşayan ermənilərlə Azərbaycanın birbaşa əlaqəsinə hər cür əngəl yaradırdılar Çünki yaxşı bilirdilər ki, belə bir hal baş verəcəyi təqdirdə orada yaşayan ermənilərin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul edəcək. Rəsmi İrəvan danışıqlarda tərəf kimi separatçı rejimin rəhbəri Arayik Arutyunyanın təmsil olunmasına can atsa da Rəsmi Bakı bunun mümkünsüz olduğunu dəfələrlə bəyan etdi. Bu planın işə yaramadığını görən İrəvan və Moskva sonradan Ruben Vardanyan kartından istifadə etməyə başladı. Ancaqdövlət başçısı İlham Əliyev bəyan etdi ki “biz Qarabağ erməniləri ilə danışıqlara hazırıq, ancaq Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Bakının prinsipiallığını, İlham Əliyevin qətiyyətini görən həmin dairələr sonda Azərbaycanla hesablaşmağa məcbur oldular. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir və burada söz sahibi Rəsmi Bakıdır. Qarabağ erməniləri ilə keçirilmiş sözügedən görüş isə dövlətin öz vətəndaşı ilə ünsiyyətidir. burada dövlət və milli maraqlar kontekstindən kənar mülahizələrə qətiyyən yer yoxdur. Əslində proseslər Azərbaycanın II Qarabağ müharibəsindən sonra yürütdüyü məqsədyönlü və dəqiq hesablanmış siyasətin gözləntilərinə uyğun şəkildə cərəyan edir.
Daşqın HəsənovMissiya.Az