"Azərbaycan və Özbəkistan son illər ikitərəfli münasibətlərdə böyük sıçrayış edib".
Missiya.Az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Əslində, Siz qeyd etdiyiniz kimi, bizim mütəmadi görüşlərimiz strateji tərəfdaşlığımıza tamamilə yeni məzmun gətirib. Son illər biz Sizinlə ikitərəfli münasibətlərimizdə böyük sıçrayış etmişik. Artıq Sizin dediyiniz kimi, bizim komandalar da başqa cür işləyir. Real nəticələr var və yəqin ki, bizim hər bir görüşümüz münasibətlərimizə, razılaşmalarımıza impuls verir", - Özbəkistan lideri qeyd edib.
Şavkat Mirziyoyev vurğulayıb: "Düşünürəm ki, bizim ciddi nəzarət edəcəyimiz komandalarımız hər şeyi vaxtında yerinə yetirəcək. Siz artıq komandalarımızın intensiv görüşlərini qeyd etdiniz. Ötən ilin dekabrında bizim Baş nazirin mavini Xocayevlə görüşlər olub. Bu yaxınlarda mən Mikayıl Cabbarovu qəbul etmişəm. Biz çox uzun müddət danışdıq və bütün məsələləri müzakirə etdik. Bu, bizim münasibətlərimizin nəticəsidir ki, regionlar görüşür və belə işgüzar forumun keçirilməsi çox şeydən xəbər verir. Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var".