Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" və "Sabah" klubları Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyunlarını keçiriblər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiya “Radnik”i ilə qarşılaşıb. Görüş Samir Abasovun baş məşqçi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb."Sumqayıt"da hər iki qolun müəllifi Süleyman Əhmədov olub.
"Sabah" isə Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib. Bakı klubunun heyətində 42-ci dəqiqədə Aleksandr Kaşuk fərqlənib.
Antalyada 2-ci sınağına çıxan "Səbail" isə Çexiya "Bohemians"ı ilə qolsuz sülhə razılaşıb. "Dənizçilər" qardaş ölkədəki sonuncu - 3-cü yoxlama oyununda Serbiya "Spartak"ı ilə qarşılaşacaq. Oyun yanvarın 16-na nəzərdə tutulub.
"Sumqayıt” 2-ci yoxlama görüşünü yanvarın 17-də Rusiya “Krılya Sovetov”una qarşı keçirəcək. "Sabah" isə yanvarın 18-də Serbiya “Voyvodina”sını sınağa çəkəcək.