2022-ci il noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə cari ilin iyul-sentyabr ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.
Görüşdə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək bildirib ki, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problem olduğu nəzərə alınaraq, ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılıb. Belə ki, bu ilin on ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə orqanları tərəfindən müsbət nəticələr əldə olunub. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9 min 564 cinayət faktı aşkarlanıb, qanunsuz dövriyyədən 5 ton 62 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib. Bəlli olduğu kimi bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.
Daha sonra qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilib, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov cari ilin iyul-sentyabr ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat verib, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, “Xəzər TV MMC”nin baş direktoru Murad Dadaşov, “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”nin rəhbəri Azər Xəlilov, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, ARB TV-nin direktoru Radik İsmayılov, Azərbaycan qəzetinin baş redaktorunun müavini Raqif Məmmədov qeyd edilən təşəbbüsləri dəstəkləyərək, narkomanlığa qarşı mübarizənin maarifləndirmə yolu ilə də aparılmasının əhəmiyyətini nəzərə alaraq kütləvi informasiya vasitələri tərəfindən daha da geniş işıqlandırılmasının zəruriliyi barədə çıxış ediblər.
Görüşün yekunu olaraq, aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, effektiv və təsirli sosial videoçarxların, sənədli filmlərin, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən videomaterialların hazırlanması, maarifləndirmə və antinarkotik təbliğat işlərinin sosial şəbəkələrin və onlayn medianın imkanlarından istifadə edilərək əhatəsinin daha da genişləndirilməsi, sağlam həyat tərzinin təbliğinə həsr edilən mədəni kütləvi tədbirlərin və marafon yürüşlərinin keçirilməsinə dair müvafiq tövsiyələr verilib və qərarlar qəbul olunub.