Biləsuvar və İmişli rayonlarında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.Missiya.Az Report-a istinadən xəbər verir ki, Biləsuvardakı tədbir Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində baş tutub.
Tədbirində rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad edib. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.
Daha sonra musiqiçilərin hazırladıqları geniş konsert proqramı qonaqlara təqdim olunub.
Biləsuvarda yerləşən Cəbrayıl qəsəbəsində də Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Rayon rəsmiləri, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Sonra tədbir ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında davam etdirilib.
Azərbaycanın dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük zəfərə imza atıb.
Bayram tədbiri rayonunun ümumtəhsil məktəblərinin və mədəniyyət işçilərinin Zəfər gününə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə davam edib və konsert proqramı ilə sona çatıb.
İmişli rayonunda da Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bildiriblər ki, 8 noyabr ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuz 44 gün davam edən Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaradıb.
Bayram tədbiri mədəniyyət və incəsənət işçilərinin ifalarında davam etdirilib.