AZ   |   RU
Ceyhun Bayramov Moldovanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Azərbaycandakı yeni səfiri Aleksandr Yesaulenko ilə görüşüb, etimadnaməsinin surətini qəbul edib.
Bu barədə XİN-dən məlumat verilib.
Missiya.Az
xəbər verir ki, Nazir səfirə təyinatı münasibətilə təbrikini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov, Azərbaycan və Moldova arasında ikitərəfli səviyyədə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan və Moldova xalqları arasında mövcud qarşılıqlı rəğbətin də müsbət təsir göstərdiyi bildirilib. Nazir, Azərbaycanın Moldova ilə regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.
C.Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti haqqında qarşı tərəfi məlumatlandırıb.
Səfir Aleksandr Yesaulenko qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib, həmçinin qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıb. Səfir zəngin tarixə, ənənələrə, qonaqpərvər cəmiyyətə sahib olan Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edib. Aleksandr Yesaulenko, iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, mədəni, energetika sahələrində münasibətlərin inkişafının əhəmiyyətini vurğulayaraq, bu xüsusda əlaqələrin daha da inkişafı üçün çalışacağını ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

  • 5-11-2022, 19:31