Oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. Spiker, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşüb, onlara uğurlar arzulayıb.
İctimai dinləmədə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev iştirak edib.
Tədbiri açan parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Milli Məclisin sədri Sahibə Qafarovanın adından ictimai dinləmənin iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycanda son illərdə sistemli xarakter daşıyan islahatlar aparılır. Cəmiyyətin bütün sahələrini əhatə edən bu islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bu islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq əlaqələri möhkəmlənib, habelə iqtidar-müxalifət dialoqu başlayıb və davam etməkdədir. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunması bunu bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, parlamentdə təmsil olunan 11 siyasi partiya “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında” qanun 30 il bundan əvvəl qəbul edilib. Bu müddətdə Azərbaycanda bir çox dəyişikliklər baş verib, ölkəmiz dünya səviyyəsində öz layiqli yerini tutub, Qalib Azərbaycan statusuna yüksəlib, dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib. Bütün bunlar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verib.
Fəzail İbrahimli bildirib ki, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük nailiyyətlər əldə olunub və bu məqamlar siyasi partiyalarla bağlı qanun layihəsində öz əksini tapmalıdır. Nəzərə çatdırılıb ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar, İnsan hüquqları komitələrinə qanun layihəsinin hazırlanması tapşırılıb. Qanun layihəsinin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənın hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub.
İclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış sorğunun nəticələri barədə statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, sorğu zamanı vətəndaşların 40 sual ətrafında mövqeyi öyrənilib. Sorğu iştirakçıları arasında gender bərabərliyi təmin olunub.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunmuş ictimai müzakirənin onun başçılıq etdiyi komitə tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib. 1995-ci il Konstitusiyasında isə birləşmək hüququ, o cümlədən siyasi partiya yaratmaq hüququ təsbit edilib. Bununla yanaşı, bu illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericilində tətbiqi zəruridir. Eyni zamanda, son 30 il ərzində Azərbaycanın müstəqil dövlətçiliyi möhkəmlənib, ərazi bütövlüyü təmin olunub. Vətən müharibəsi dövründə siyasi partiyaların sivil siyasi mübarizə mühitini nümayiş etdirmələri bütövlükdə siyasi partiyalar haqqında qanunvericiliyə yeni aspektdən baxmağı zəruri edir. Birinci vitse-spiker onu da vurğulayıb ki, “Siyasi partiyalar haqqında” mövcud qanuna məhz Altıncı çağırış parlamentin fəaliyyəti dövründə mühüm dəyişiklik edilib və siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi öz həllini tapıb.
Əli Hüseynli siyasi partiyalar haqqında qanunvericilikdə siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlərin göstərilməsinin vacibliyini bildirib. Qeyd edib ki, Avropa İnsan Haqları Konvensiyasının müvafiq maddəsi birləşmək azadlığının tərkib hissəsi kimi siyasi partiyalarda birləşmək hüququnu qoruyur. Digər tərəfdən, hər kəsin qanunla təsbit olunmuş və demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyətləri də nəzərdə tutur. O, qanun layihəsi ətraflında müzakirələrdə səslənəcək fikirlərin ölkənin müasir siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına töhfə verəcəyini söyləyib.
İclasda çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması müstəqillik tariximizdə ilk dəfə qalib siyasi sistem formalaşdırmaq və müharibə dövründə olduğu kimi, sülh dövründə də milli birliyi qorumaq zərurətindən irəli gəlir. O, müstəqilliyin qorunması və gücləndirilməsində, xalqın siyasi iradəsinin formalaşmasında və ifadəsində, ərazi bütövlüyü uğrunda mübarizədə partiyaların xidmətlərinin danılmaz olduğunu söyləyib.
Bildirilib ki, qanuni partiya quruculuğu modelinə keçid Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin dövlətimizi və iqtisadi, siyasi müstəqilliyimizi gücləndirən 20 ilə yaxın siyasi rəhbərliyi dövründə yeni hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq qələbədən sonra yeni ictimai-siyasi reallıq yaranıb. Həyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir.
Komitə sədri diqqətə çatdırıb ki, təqdim edilən yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekin vurur. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.
Sonra Zahid Oruc qanun layihəsi ilə əlaqədar siyasi partiyalardan daxil olan təkliflər barədə məlumat verib. Komitə sədri daxil olan təklifləri ayrı-ayrılıqda səsləndirərək, onları qanun layihəsində təsbit olunan maddələr üzrə cavablandırıb. O, həmçinin qanun layihəsində öz əksini tapmayan məsələlərlə də bağlı açıqlamalar verib.
Sonra iclasda aparılan müzakirələrdə “Ana Vətən” Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ağ Partiyasının sədri Tural Abbaslı, REAL Partiyasının sədri İlqar Məmmədov, “Ədalət” Partiyasının sədr müavini Elxan Şükürlü, Azad Vətən Partiyasının sədri Akif Nağı, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Gülağa Adgözəlov, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, deputatlardan Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Erkin Qədirli, Sahib Alıyev çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlarda səsləndirilən bəzi məqamlara aydınlıq gətirib, onları hüquqi müstəvidə dəyərləndirib.
Tədbirin yekununda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihəsi ətrafında səmərəli fikir mübadiləsinin aparıldığını bildirib və partiya təmsilçilərinə müzakirələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü ifadə edib.
Bununla da “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə başa çatıb.