AZ   |   RU
Suriyada düşərgədə saxlanılan 12 nəfər Azərbaycana gətirildi

2022-ci ilin 10 sentyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onlar arasındakı 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.
Repatriantların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb. İlk öncə onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit keçidi təmin olunub. 
İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupun Türkiyə Respublikasına ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib.
Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə və qəyyumlarına təhvil veriləcəkdir. Azərbaycan Respublikasının hökuməti tərəfindən onların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti, habelə Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək bu prosesin təşkilində effektiv və səmərəli əməkdaşlığa görə bütün aidiyyəti dövlət qurumlarına öz təşəkkürünü bildirir.

  • 10-09-2022, 21:05