AZ   |   RU
Əvəz Zeynallı Baş prokurorluğun İstintaq idarəsində ifadə verir

"Xural" TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı bu gün günortadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Missiya.Az xəbər verir ki, bu barədə ilk olaraq ictimai fəal İlkin Rüstəmzadə və Bəxtiyar Hacıyev "Facebook"da paylaşım ediblər. Jurnalistin bir neçə yazıçı və jurnalistlə birlikdə kafedə nahar edərkən saxlandığı bildirilir. 
Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a faktı təsdiqləyərək bildiriblər ki, hazırda istintaq hərəkətləri həyata keçirilir və Baş Prokurorluğun əməkdaşları axtarış üçün onun jurnalistin ofisinə gediblər. 
"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Əvəz Zeynallının yaxınlarından birinin Musavat.com-a verdiyi məlumata görə jurnalist hazırda Baş Prokurorluğun istintaq idarəsində ifadə verir. Prokurorluğun qarşısında siyasi şərhçilər, jurnalistlər və ictimai fəallar var. 

Qeyd edək ki, bu günlərdə Əvəz Zeynallının "Baku Steel Kompany"-nin rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədovun ailəsindən rüşvət almaq şübhəsi doğuran səs yazısı internet resurslarında yayılıb. Jurnalist özü isə canlı efirdə bildirib ki, həmin səs yazısında söhbət geri qaytarılacaq hansısa pul məbləğindən yox, əlində olan ifşaedici sənədlərdən gedir.

  • 10-09-2022, 19:56