Bakıda səfərdə olan Türkiyənin Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib.
Missiya.Az Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, qonaqları salamlayan icra başçısı Elşad Həsənov çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasından söz açıb və qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu bəyan edib. Bildirilib ki, Türkiyə dövləti 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstək verib. Azərbaycan dövləti və xalqı bunu çox yüksək qiymətləndirir.
O da xüsusi vurğulanıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsində cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyip Ərdoğanın xüsusi xidmətləri var. Öz növbəsində Gebze bələdiyyəsinin sədri Zinnur Böyükgöz qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Görüşdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Türkiyə Böyük Millət Məclisinin üzvü Cəmil Yaman ikitərəfli münasibətlərin müxtəlif sahələrindən söz açıblar.
Görüş zamanı yerli özünü idarəetmə sahəsində təcrübə mübadiləsi, qurumlar arasında ticarət, mədəniyyət, iqtisadiyyat sahələrində əlaqələrin perspektivlərinə dair ətraflı fikir mübadiləsi də aparılıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az