Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynaya qəfil səfər edib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, nazir bu gün səhər paytaxt Kiyevə gəlib.
Bu, Berbokun Ukraynada müharibənin başlamasından sonra Kiyevə ikinci səfəridir.
XİN başçısı bildirib ki, baş tutmuş bu səfər Almaniyanın lazım olduğu müddətcə silahların tədarükü, humanitar və maliyyə dəstəyi ilə Ukraynanın yanında yer almaq niyyətinin davam etdiyini göstərir.
Berbok qeyd edib ki, səfəri Almaniyada mümkün müharibə yorğunluğunun qarşısını almaq məqsədi daşıyır.
“O, (Rusiya Prezidenti Vladimir Putin) inanır ki, bizim cəmiyyətlərimizi yalanlarla parçalaya, enerji tədarükü ilə şantaj edə bilər. Putinin hesablamaları yanlış idi. Çünki bütün Avropa bilir ki, Ukrayna bizim dinc nizamımızı müdafiə edir”, - nazir bildirib.
Berbok kiçik nümayəndə heyəti ilə birlikdə Kiyevə Polşadan xüsusi gecə qatarı ilə səfər edib. Səfər çərçivəsində onun ukraynalı həmkarı Dmitri Kuleba, həmçinin digər rəsmilərlə görüşü planlaşdırılıb. Nazirin səfər planı təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.