Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanına əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Fərmanda elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Ümumilikdə, Azərbaycan cəmiyyətində həm təhsilin, həm də elmin səviyyəsi ilə bağlı fikir birmənalı deyil. Məsələn, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil aşağı düşməsi, elm sahəsində isə ümumiyyətlə nəzərəçarpan nailiyyətin əldə olunmaması ətrafında müzakirələr aparılır.
Prezident İlham Əliyevin Azərbaycan elmini və təhsilini əhatə edən fərmanı qeyd edilən sektorlarda hansı yeniliklərə səbəb olacaq? Ölkə başçısının həm Azərbaycan təhsilini, həm də elmini əhatə edən fərmanının əhəmiyyəti ilə bağlı Missiya.Az danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Musa Qasımlı bildirib ki, fərmanın imzalanmasında məqsəd elm və təhsil sahəsində qarşıda dayanan vəzifələrin müasir tələblərə uyğun olaraq yerinə yetirilməsini təmin etməkdir: “Ölkəmizin ümumi inkişafına fayda verməsini nəzərdə tutan bu addım mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir. Fikrimcə, fərmanın icrası ilə ölkəmizdə hər şeydən əvvəl elm və təhsilin inteqrasiyası dərinləşəcək, elmi tədqiqatların nailiyyətləri universitet auditoriyalarına daha tez daxil olacaq, istehsalata tətbiqi sürətlənəcək".
Musa Qasımlı qeyd edib ki, artıq Azərbaycanın gənc alimləri daha keyfiyyətli, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar apara biləcəklər: "Gənclər elmə həvəslə gələcək, nəsillər arasında üzvi əlaqə, varislik təmin ediləcək, qocalma proseslərinin qarşısı alınacaq. Tədqiqat işlərinin qısa, orta və uzunmüddətli sistemli planlaşdırılması həyata keçiriləcək, daha keyfiyyətli, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar aparılacaq. Universitet təhsilimizin də keyfiyyəti yaxşılaşacaq. Hər şey əslində yenidən başlanır. Görüləcək işlər çoxdur. İndi əsas iş icraçıların, məsul şəxslərin üzərindədir".
Təhsil eksperti Kamran Əsədov isə Missiya.Az-a müsahibəsində Azərbaycan elminin problemlərindən danışıb və bildirib ki, Azərbaycan elminin dünyada o qədər də nüfuzu yoxdur, texnoloji nailiyyətlərə imza atılmır: “Bizim Milli Elmlər Akademiyasından gözləntilərimiz böyük idi. Amma faktiki olaraq istər pandemiya, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə ciddi elmi kəşfləri, ixtiralari, proseslərə müdaxiləni görə bilmədik. Yəni, Azərbaycan alimi, Azərbaycan elmi proseslərə yön verməli idi. Biz tarixi torpaqlarımızı geri qaytaranda daha çox xaricdən aldığımız silahlar ilə qələbəni təmin edə bildik”.
Təhsil eksperti Azərbaycan cəmiyyətinin Elm və Təhsil Nazirliyindən çox böyük gözləntilərinin olduğunu vurğulayıb.
“Son iki ildə Azərbaycanda təhsilin müasirləşməsi, yeni texnologiyaların tətbiqi istiqamətində irəliləyişlər var. Amma elmin inkişafına, tədqiqatlara dövlət tərəfindən böyük vəsaitlər ayrılsa da, bu sahədə ciddi irəliləyiş görə bilmirik. Yeni Nazirliyin tabeliyində iki idarə yaradıldı. Ona görə ki, elmi potensialın mərkəzi qurumdan idarə olunması çox yaxşı haldır. Dünyanı bir çox ölkələrində bu yanaşmadan istifadə olunur. Ümid edək ki, Azərbaycanda rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında yeni Nazirliyin böyük xidməti və rolu olacaqdır. Ona görə ki, hazırda təhsildən haqlı gözləntilər kifayət qədər çoxdur və mən inanıram ki, biz həqiqətən inkişafa nail olacağıq. Artıq elm və təhsil vəhdət halında inkişaf edəcəkdir. Bu o deməkdir ki, strukdurda dəyişiklik gözlənilə bilər. Çünki burada elm var və mütləq şəkildə istər rəhbər, istər digər şəxslərin ən azından doktorantura təhsili, elmi məqalələri, elmi tədqiqatları olmalıdır.”.
Kamran Əsədov sonda bildirib ki, Azərbaycan elmi, ən azından 2030-cu ilə qədər beynəlxalq rəqabətliliyə tam olaraq davam gətirəcək və öz ixtiralarını, kəşflərini ortaya qoya biləcək.
Leyla Səməndər
Missiya.Az