AZ   |   RU
Qarpız istehlak edərkən nələri bilməliyik? - AÇIQLAMA


Yay fəslində qarpız tez-tez istehlak edilən meyvələrdəndir. O soyuq və şirin dadı ilə insanları təravətləndirir. Təəssüf ki, həmin giləmeyvədən zəhərlənmə halları da yaşanır. Qarpızdan zəhərlənmə halı hətta ən təhlükəlisi hesab edilir.

Bəs necə edək ki, sözügedən giləmeyvənin sadəcə faydalarını görək?

Həkim – terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, qarpız alarkən və istifadə edərkən diqqət yetirilməli bir sıra tibbi və gigiyenik məqamlar var:

“Onun təbii şəraitdə yetişdirilməsi olduqca önəmlidir – təbii qarpızlar iyun ayının sonundan satışa çıxarılır. Mayda və iyunun erkən dövrlərində, ümumiyyətlə çox tez bazara çıxarılan adı çəkilən giləmeyvələr iri və parlaq görünsə də əsasən süni yetişdirici, xüsusilə də nitrat tərkibli maddələrlə böyüdülür. Nitrat normadan artıq da ola bilir. Onun orqanizmə yüksək miqdarda yığılması uşaqlar, yaşlılar və həzm sistemi zəif olan şəxslərdə mədə - bağırsaq pozuntuları baş gicəllənmə, ürək bulanma kimi simptomlarla müşahidə edilir”.



Həkim vurğulayıb ki, qarpızın xarici görünüşünə nəzər saldıqda, simmetrik formada, qabığında çat və zədələnmə olmayan və torpaqla təmasının izini sarı ləkə şəklində üzərində daşıyanları seçmək məsləhətdir:

“Sözügedən ləkə bu giləmeyvənin torpaqda yetərincə qalaraq günəşlə yetişdiyini göstərir. Digər vacib amil isə qarpızın saplaq hissəsinin yaşıl və ya təzə görünüşüdür ki, bu onun vaxtından əvvəl dərildiyini göstərir. Ən yaxşısı qurumuş və saralmış saplaqlı olanlarıdır. Qarpızın dadına baxmaq məqsədilə müştəriyə kəsilib verilməsi də gigiyenik cəhətdən təhlükəlidir. İstifadə edilən o bıçaqlar hər gün xeyli sayda qarpıza dəyir. Bu da əksər vaxt salmonella, esherixia coli, shigella kimi bağırsaq infeksiyaları ilə nəticələnir. Çünki bakteriyaların qarpızın daxilinə keçmə ehtimalı çox artır. Çöldə temperatur yüksək olduqda mikroorqanizmlər meyvənin içində sürətlə çoxalır. Bir neçə saat içində ciddi zəhərlənmələrə yol aça bilər. Bir digər səhv vərdiş isə artıq kəsilmiş qarpızın açıq şəkildə günəş altında satışa çıxarılmasıdır. Onun içi şəkərli olduğuna görə isti hava mikrobların çoxalması üçün ideal mühit yaradır. Ev şəraitində belə kəsilmiş qarpız iki saatdan çox otaq temperaturunda qalmamalı və dərhal soyuducuya yerləşdirilməlidir. Soyuducuda saxlama müddəti isə 24-36 saatı keçməməlidir. Evdə və ya istənilən şəraitdə həmin giləmeyvə kəsilən zaman gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Təmiz yuyulmuş bıçaq, təmiz kəsim taxtası və qarpızın özü də qabığı ilə birgə axar su altında yaxşıca yuyulmalıdır. Düzgün seçilən və saxlanılan qarpız orqanizmə əvəzsiz faydalar bəxş edir”.




Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 11:32