AZ   |   RU
Milli Qurtuluş Günündə əvəzsiz hədiyyə - “Şuşa bəyannaməsi”

Bəşər xalqlarının tarixində elə əlamətdar günlər var ki, zamanın axarına baxmayaraq, bir neçə dönəmdə həmin önəmli hadisələrin təkrarlandığına şahidlik etmiş oluruq. Azərbaycan xalqının da taleyinə sınaq dolu çox günlər yazılıb. Xoşbəxt xalqıq ki, bu sınaqdan üzüağ çıxmaq üçün uca yaradan bu millətə dahilər, qüdrətli sərkərdələr bəxş eləyib.

15 iyun, 1993-cü il. Azərbaycanın Qurtuluş günü kimi qeyd olunan bu gün, tariximizin gəlmiş keçmiş ən dahi şəxsiyyətinin özünü bir daha təsdiqi idi. 

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikadakı ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Həmin illər heç kim fərqinə varmırdı ki, müstəqil Azərbaycanın inkişafının təməli məhz 15 iyunda qoyulmuşdu. Həmin gün elə yenicə yağmalanmış Qarabağa qayıdışın, əsl ideoloji savaşın, həm mənəvi, həm də cismani mübarizənin  himni atılmışdı. Param-parça edilmiş, çökdürülmüş bir dövləti zərrələrdən toplamaq lazım idi. Namərdlərin, satqınların öz əlləri ilə düşmənə verdikləri torpaqları, Şuşanı qaytarmaq üçün, bu yolda canlarını fəda edən günahsız azərbaycanlıların qanını almaq üçün yeni nəsil yetişməli, yeni cəmiyyət formalaşmalıydı. 

Ulu Öndər, müdrik siyasətçi gözəl başa düşürdü ki, əlinə silah keçirən kimi, onu öz xalqına qarşı tuşlayan pərakəndə bir ordu, səriştəsiz fərdlərlə özündən qat-qat güclü, hiyləgər düşmənlə yenidən  müharibə edib, ən adi irəliləyişə belə nail olmaq mümkün deyil. Bunun üçün illər lazım idi. Heydər Əliyev dühası uzaqgörən siyasəti ilə anlayırdı ki, O, ömrünün geridə qalan hissəsini də Azərbaycana qurban edib, bu dövlət üçün özündən sonra layiqli davamçı qoyub getməliydi.


O davamçı ki, atasının gətirdiyi Qurtuluşla illər sonra düşmən tapdağında olan torpaqlarımızı geri qaytarmaq üçün sıldırım qayalara əliyalın dırmaşan gənc nəsil yetişdirəcək, ata vəsiyyətini yerinə yetirib, atasının sonsuz məhəbbətlə sevdiyi Azərbaycanın adına Zəfər, Qalibiyyət məfkurəsini yaraşdıracaqdı. 

15 iyun 1993-cü il Azərbaycanın Milli Qurtuluş günündə  Ulu Öndərin ata kimi oğluna etdiyi vəsiyyətin timsalında bir çox ataların vəsiyyəti hasil olmuşdu. Heydər Əliyev şəxsiyyətinə olan inam nəsildən nəslə keçməyi bacarmışdı.  
 
Qurtuluşdan Zəfərə doğru gələn yolun məntiqi keçid 15 iyun 2021-ci il-də Azərbaycanın Milli Qurtuluş gününü  bir başqa rövnəqləndirdi. Bu artıq Ulu Öndərin vəsiyyəti deyil, ürəyindən keçən ən ümdə arzular idi. O arzuları həyata keçirmək, xalqın ürəyindən xəbər vermək, isə müzəffər Ali Baş Komandan, Azərbaycanın tarix yazan sərkərdəsi İlham Əliyevin bir daha  özünü təsdiqi idi. 

15 iyun Milli Qurtuluş günümüzdə bir də Şuşa bəyannaməsinin imzalanması tarixin bu xalqa oynadığı oyunlara qarşı, taleyin ağır sınağına qarşı bir həmlə, burnumuzun dibində olan düşmənə isə tərs şapalaq idi. 

“Şuşa Bəyannaməsi”nin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanması təsadüf sayıla bilməz. Bunun adi bir təsadüf olmadığı Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısının  hər kəsin yadına Qars müqaviləsini salması ilə bir daha aydınlaşdı. O çıxışında bunları deyirdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə elə belə  istinad etmirdi. O Azərbaycanın ötən əsrdən bu yana məruz qaldığı işğaldan, məğlubiyyətdən öz gücünə sıyrılaraq Cənubi Qafqazda yaratmış olduğu yeni reallığı dünya ictimaiyyətinə çatdırırdı. O sülhü, qardaşlığı, inkişafı və dirçəlişi Türkiyə-Azərbaycan münasibətlərinin fonunda dünyaya göstərərək bəyan edirdi ki, bütün baş verənlər Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti, Ermənistanın isə düçar olduğu biyabırçı məğlubiyyətin nəticəsidir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etmiş oldu.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklik xarakteri daşıyır. Və bu şanlı səhifənin 1-ci ildönümündə xalqımıza nələri qazandırdığı, ölkə başçısının Şuşa bəyannaməsi ilə hansı tarixi uğura imza atdığını bir daha nəzərdən keçirək.

15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir.

Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamət siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Belə ki, tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. 

Beləliklə, Azərbaycan və Türkiyənin 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atması Milli Qurtuluş Günündə Azərbaycan xalqına ən böyük hədiyyə oldu. 

Azərbaycana Zəfər yaraşdığı kimi Mübarək Qurtuluşa Mübarək Şuşanın tarixi bəyannaməsi də çox yaraşıb!

Lamiyə Rövşənqızı
Missiya.Az


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 
6.3.5. (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.     


  • 14-06-2022, 18:40