AZ   |   RU
"Lex"in məşqçisi: "Qarabağ" oyunlarda hədəfimiz növbəti mərhələyə yüksəlməkdir"

"Kiminlə mübarizə aparmağımızdan asılı olmayaraq, biz "Lex"ik və bunun öhdəsindən gəlməliyik. Bu düşüncə ilə meydana çıxacağıq, hədəfimiz növbəti mərhələyə yüksəlməkdir".

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu sözləri "Polşa"nın "Lex" (Poznan) komandasının məşqçisi Matsey Kendjyorek UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olmaları barədə klubun rəsmi televiziyasına açıqlamasında söyləyib.

Mütəxəssis "köhlən atlar"ın əsas rəqibi "Neftçi"ni 19 xal qabaqlayaraq ölkə çempionu olduğunu xatırladıb: "Baş məşqçiləri 2008-ci ildən 4-2-3-1 sisteminə üstünlük verən Qurban Qurbanovdur. Hücumda ən böyük qüvvələri braziliyalı Kadi Borges və seneqallı İbrahima Vadjidir. Yaxın müddətdə onları daha ətraflı təhlil edəcəyik”.

Polşalı məşqçinin fikrincə, ilk matçın harada baş tutması o qədər də önəmli deyil: "Əvvəllər səfər qolu üstünlüyü qaydası qüvvədə olan cavab matçını evdə keçirmək yaxşı hal idi. “Qarabağ”la ilk matçdan üç gün sonra Polşa Super Kubokunda “Rakuv”la üz-üzə gələcəyik. Bu baxımdan səfərin olmaması bizim üçün yaxşıdır. Amma hər şeyə meydanda aydınlıq gələcək. Hər bir detala diqqət yetirəcəyik. Azərbaycanda havaların isti keçməsi aspektinə də hazırlaşacağıq".

Qeyd edək ki, "Qarabağ" ilk oyununu 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.


  • 14-06-2022, 17:30