AZ   |   RU
Nizami rayonunda şəhid və qazi övladları üçün 1 iyun - Uşaqların Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
 
Nizami rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bədii-əyləncəli tədbir keçirilib.

Missiya.Az
xəbər verir ki, “Bir Döyünür Ürəyimiz” adlı tədbir Nizami Rayon İcra Hakimiyyətinin və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.

Daha sonra Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın sayəsində Azərbaycanda uşaqların daim dövlətin  qayğısı ilə əhatələndiyini, sağlamlıqlarının qorunması istiqamətində müxtəlif proqramların həyata keçirildiyini vuruğulayıblar. Qeyd olunub ki, gələcəyimiz olan körpələri düzgün tərbiyələndirmək, onların təhsilini ən yüksək səviyyədə təşkil eləmək gələcəyə verdiyimiz ən böyük sərmayədir və dövlətimiz də bütün bu istiqamətlərdə sistemli tədbirlər həyata keçirir.


Çıxışların ardınca Vətən müharibəsi iştirakçısı Fərid Məmmədovun ifasında Azərbaycan mahnısı, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azəri İnciləri” rəqs və vokal  qrupunun  ifasında mahnı və rəqslər təqdim olunub. 229 saylı məktəbin şagirdlərinin hazırladığı musiqi proqramı, Nizami rayon sakini Vətən müharibəsi iştirakçısı Ələsgər Rzazadənin ifasında rəqs nömrəsi də tamaşaçıların marağına səbəb olub. Yaddaqalan anlardan biri də tədbirdə iştirak edən uşaq yazarlarının kitab təqdimatının keçirilməsi, Vətənimiz uğrunda həyatlarını qurban vermiş şəhidlərin övladlarına imzalı kitabların paylanması olub.

Yazarlardan Reyhan Yusifqızı, Fatimə Alxas, Mehriban Nağıyeva, Amin Sükut və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndəsi Könül Niftiyeva şəhid və qazi övladlarına yeddi adda, rəngarəng maraqlı kitablar hədiyyə ediblər. Tədbirdə viktorinalar, nağıl qəhrəmanlarının səhnəcikləri, klounların məzəli çıxışları, robot və köpük şou əyləncələri uşaqlara sevincli anlar yaşadıb. Sonda şəhid və qazi övladlarına Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupun xüsusi hədiyyələri təqdim olunub.



 

Missiya.Az


  • 31-05-2022, 18:48