AZ   |   RU
Nizami rayonu 210 saylı məktəbdə “Dövlətçiliyimiz əbədidir” adlı tədbir keçirilib - FOTOLAR

Nizami rayonu 210 saylı məktəbdə 28 may Müstəqillik gününə həsr olunmuş “Dövlətçiliyimiz əbədidir” adlı tədbir keçirilib.

Missiya.Az xəbər verir ki, Azərbaycan Cumhuriyyətinin yaranmasının 104-cü ildönümünə həsr olunmuş tədbir,  şəhidlərin adının verildiyi siniflərə baxışla başlayıb. Şəhidlər - mayor Urfan Vəlizadənin,baş leytenant Rövşən Nurzadənin,leytenant Rauf Qurbanovun, leytenant Turqut Xəlilbəylinin, gizir Aqşin Quliyevin, gizir Xudayar Yusifzadənin, çavuş Rəşad Zeynallının, əsgər Tural Dadaşovun,əsgər Rafail Mayılovun, əsgər Rəfail İbrahimovun adlarının verildiyi sinif otaqları onların şəkilləri ilə bəzədilib. Şagirdlər öncə şəhidlərin adını daşıyan sinif otaqlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuş  şeirlər səsləndiriblər.

Daha bir maraqlı məqam isə siniflərə adları verilmiş şəhidlərin valideynlərinin və ailə üzvlərinin də tədbirdə iştirak etməsi olub. Hər bir şəhid haqqında məlumat verən uşaqların vətənpərvər ruhlu şeirləri Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş şəhid valideynlərinə kövrək, təsirli anlar yaşadıb. Daha sonra tədbir məktəbin akt zalında davam edib. Məktəbin direktoru Həqiqət Gülalıyeva giriş sözü ilə açaraq  qonaqları salamlayıb.  Bunun ardınca şagirdlər Müstəqillik Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.

Tədbirdə iştirak edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhman Hüseynov, 229 saylı məktəbin direktoru Vüsalə Məmmədova və Nizami rayon Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov təşkil olunmuş tədbirə görə məktəb rəhbərliyinə, Vətənə mərd oğullar bəxş etdiklərinə görə şəhid analarına təşəkkürlərini bildiriblər. Missiya Media Qrupun nümayəndəsi Lamiyə Əhmədova da, tədbirin təşkilatçısı, 210 saylı məktəbin direktoru Həqiqət Gülalıyevaya təşəkkür edərək, Media Qrupun rəhbəri Ramin Əhmədovun salamlarını çatdırıb.

O, Missiya Media Qrup olaraq hər zaman şəhid ailələrinin yanında olduqlarını, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bundan sonra da sosial layihələri həyata keçiricəklərini bildirib. Tədbirdə xoş təəssüratlardan biri də şagirdlərin video-təqdimatda Missiya TV-nin şəhidlərə həsr olunmuş layihələrinin və Missiya Media Qrupun rəhbəri Ramin Əhmədovun Nizami rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı gördüyü işlərin görüntülərindən istifadə etmələri olub.

Tədbirdə həmçinin məktəbin şəhid məzunu Rafail İbrahimovun doğum günü qeyd edilib. Məktəb rəhbərliyi tərəfindən şəhid ailələrinə şəhidlərin fotolarını əks olunduğu plagetlər təqdim olunub.

 

 
 
 


  • 27-05-2022, 18:08