AZ   |   RU
Nizami rayonunda Ulu Öndərə həsr olunmuş daha bir tədbir keçirilib - FOTO
Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də rayonun 109 nömrəli məktəbində keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, məktəbin direktoru Gülarə Bədəlova, Missiya Media qrupunun nümayəndəsi Lamiyə Əhmədova, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin kollektivləri, məktəblilər iştirak edib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.   
Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülarə Bədəlova qonaqları salamlayaraq, tədbir iştirakçilarına tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib. 

Gülarə Bədəlova çıxışı zamanı bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazan müdrik lider və görkəmli şəxsiyyətdir. Ulu Öndərin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr barədə danışan Gülnarə Bədəlova bildirib ki, bizə yadigar qalan milli ruh, azərbaycançılıq məfkurəsi dahi şəxsiyyətin uğurlu siyasətinin nəticəsidir. 

Daha sonra çıxış edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov Vətən Müharibəsinin tarixi uğuru olan Şuşa qələbəsinin müəllifi prezident İlham Əliyevin ata vəsiyyətini layiqincə yerinə yetirdiyi, Qarabağın azadlığına nail olduğunu deyib. Milli mənəvi dəyərlərimizin qorunmasının vacibliyindən söz açan Bəhmən Hüseynov Ulu Öndərin dəyərlərimizə böyük hörmətlə yanaşdığını, onun qorunması üçün çalışdığını deyib.

Missiya Media qrupunun nümayəndəsi Lamiyə Əhmədova çıxışı zamanı Ulu Öndərin əziz xatirəsinin qəlblərdə yaşadığını deyib. Lamiyə Əhmədova bildirib ki, bu günkü gəncliyin yetişməsində məhz Heydər Əliyev ideologiyasının misilsiz xidməti var. Çıxışlar bitdikdən sonra bədii hissəyə start verilib. Bədii hissədə şagirdlər Ulu Öndər Heydər Əliyevlə bağlı şeirlər səsləndiriblər.
 
   



  • 11-05-2022, 18:25