Jurnalist həmkarım, Türk Ağsaqqalları İctimai Biriyinin aparat rəhbəri Nicat Dağlar zəng edib dedi ki, Naxçıvan Dövlət Universiteti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfras təşkil ediblər və məruzəçilərdən biri kimi də məni görmək istəyirlər. Dərhal razılıq verdim. Elə həmin dəqiqədən Naxçıvana gedənə qədər rəhmətlik Abanın ( xalq artisti Abdulla Bababyev ) böyük şövqlə oxuduğı ,, O Naxçıvandır ,, mahnısını hey zümzümə etməyə başladım .Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin bu təkrarsız ifaya xüsusi həvəslə quaq asdığını bilirdim. Kim bilir bəlkə də elə mənə bu mahnını sevdirən səbəblərdən biri də bu idi. Ancaq ədalət naminə deyək ki, bu mahnı Abanın da sənətinin zirvəsi idi .Başqa heç bir ifası olmasa belə təkcə bu mahnıya görə Abdulla Babayev Azərbaycanın xalq artisiti adını ana südü kimi haqq edirdi.Sinəsindən Arpa çayı ,ətəyindən Araz keçən doğma-əziz Naxçıvan
Bir saat keçməmiş dəmir qanadlı qartal bizi , sinəsindən Arpa çayı , ətəyindən Araz keçən doğma-əziz Naxçıvana çatdırdı .Mən hər dəfə Naxçıvana gedəndə olduqca qarışq emosional hisslər keçirirəm . Çünki Naxçıvandan baxanda tarixi faciəmiz , bölünmüş vətənimizin ayrı-ayrı parçaları gözgörmə məsafəsində aydın müşahidə edilir .Bir tərəfədə öz ucalığından bizə boylanan ,bizləri Qərbi Zəngəzura çağıran Qapıcıq dağı , bir tərəfdə uzaqdan baxanda bütöv görünən ancaq ikiyə bölünmüş Culfa şəhəri , başqa bir tərəfdə Arazdəyəndən Dərələyəz və Vedibasara uzanan həsrətli yollar sanki bizi haraylayır, gəlin deyir. Hava açıq olduqda isə tarixi şəhərimiz İrəvanıan başının üstündən dikələrək göylərlə yarışan, qardaş Türkiyənin və tükçülüyümüzün qürur zirvəsi Ağrı dağı gözlə görünür . Bizim kəndimizdən (Amasiya rayonunun Göllü kəndi ) baxanda böyük Ağrı öndə, kiçik Ağrı isə arxada görünürdü.Naxçıvandan baxanda isə tərsinə ,kiçik Ağrı öndə , böyük Ağrı arxada görünür. Bütün bunlar, təsvir etdiyim bu mənzərə tarixi şüuru və milli yaddaşı olan istənilən azərbaycanlını emosional təlatümə boğmaya bilməz. Ona görə də tarixi-milli yaddaşımızı canlı tutmaq və onun müəyyən etdiyi milli cağırışları dərk etmək üçün hər bir azərbaycanlı ildə bir dəfə , ya da heç olmasa ömründə bircə dəfə Naxçıvana getməlidir!
Azad, abad, gözəl və təmiz şəhər ...!
Tarixdən günümüzə döndükdə isə dünyanın ən təmiz , ən gözəl şəhərlərindən biri ilə qarşılaşırsan .Elə bu gözəl şəhərin geniş yolları, yaraşıqlı prospektləri də bizi əvvəlcə Ulu Öndər Heydər Əliyevin Muzeyinə, sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə götürdü. Türk Ağsaqqalları İctimai Birliyinin sədri , akademik Sudeyif İmamverdiyev və nümayəndə heyətimiz Muxtar Respublikanın Ali Məclisinin sədri, hörmətli Vasif Talıbov tərəfindən böyük səmimiyyət və qonaqpərvərliklə qəbul edildi .
Hörmətli Vasif Talbov Sudeyif İmamverdiyevə hələ Ulu Öndər Heydər Əliyev Naxçıvanda olarkən onu yanına ilk gələnlərdən, məhşur 91-lərdən biri olduğunu xatırladaraq o çətin günlərdən söz açdı. Çox maraqlı xairələrini danışdı .Biz isə başqa heç bir yerdə eşidə və oxuya bilməyəcəyimiz bir ustad dərsinə qulaq asmış olduq .Həmin illərin milli dövlətçiliyimizin gələcəyi baxımından nə qədər ağır və məsuliyyətli illər olduğunu bir daha idrak etdik . Heydər Əliyevin necə ağır şərtlər içərisində , necə mürəkkəb bir dövrdə necə böyük fədakarlıq və əməklə Azərbaycanı xilas etdiyini yada saldıq Eyni zamanda həmin günlərdən bu günə qədər Azərbaycanın ,Naxçıvanın necə böyük inkişaf yolu keçdiyini xatırladıq .Gəldiyim qənaət bu oldu ki , Heydər Əliyev idarəçilik ənənsi və mədəniyyətinin ən uğurlu formada tətbiqi sayəsində Naxçıvan hazırki inkişaf səviyyəsinə gəlib çatıb .Sanki Naxçıvanda görülən bütün işlər , bu günə , əldə etdiyimiz tarixi zəfərdən sonra yaranan yeni reallığa və bu reallıqda Naxçıvanın öz tarixi rolunu yenidən oynamağa hazır olmasına hesablanıbmış .Hətta o dərəcədə ki , bu gün Zəngəzur Dəhlizi kimi bərpa edəcəyimiz dəmir yolu xəttinin Ordubad – Sədərk hissəsi belə işlək vəziyyətdə imiş .Bu gün Zəngəzur dəhlizinin bərpasından sonra Naxçıvan öz tarixi coğrafiyası ilə 100 il əvvələ qədər olduğu kimi yenidən dövlətçilik tariximizdə öz missiyasını yerinə yetirəcək .Yenidən Orta Asiya ilə Ön Asiya türkləri arasında birləşdirici funksiyasını bərpa edəcək .Türk dünyasını , böyük Turanı fiziki və orqanik olaraq birləşdirəcək .Məhz elə bu roluna və geostrateji mövqeyinə görə də Naxçıvan əsrlər boyu çox böyük mərhumiyyətlərlə üzləşib .Bu günsə Naxçıvan özünün mükəmməl infrastrurkturu , müasir nəqliyyat kommunikasiya vasitələri , gözəl turizm obyektləri , abad yolları ilə öz tarixi missiyasını yenidən qəbul etməyə tam hazırdır.
Qafqazın Roması - Ulu Naxçıvan
Konfransda çıxışıma necə başlayacağımı yaddaşımın iradəsinə və ürəyimin hökmünə buraxmışdım . Onlar nəyi diqtə etsələr dilim də onu ifadə edəcəkdi.Çünki Naxçıvan Dövlət Universitetinin hazırlıqlı və tələbkar auditoriyasının qarşısına standart məruzə ilə çıxmaq bəribaşdan uğursuzluq ola bilərdi .Nitqimin başlangıcı təqribən belə alındı ...,, Naxçıvan Azərbaycanın dövlətçilik , mədəniyyət , mənəviyyat , ideoloji mrəkəzlərindən biridir.Naxçıvan ruhu olan şəhərlərimizdəndir .Gəncə kimi , Şuşa kimi ! Onunla danışmaq ,ünsiyyət qurmaq olur .Onu hiss etmək olur .Əlincə Qalası , Xaraba Gilanı , Naxçıvan Qalsı , Qarabağlar Türbəsi , Mömünə Xatun Türbəsi , Əhsabi- Kəhfi , Nuhun Türbəsi ,Gəmi Qayası ilə Naxçıvan Azərbaycanın deyil bütövlükdə Qafqazın Romasıdır ... !
Ustadların qarşısında Ustad dərsi
Naxçıvana gələcəyimi əvvəlcədən bildiyi üçün Universitetin rektoru ,tarixçi alim ,hörmətli Elbrus İsayev əsl elm adamı , elm təşkilatçısı və pedoqoq kimi Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə ustad dərsi keçməyimi də palnlaşdırmışdı . Başda doğma Bakı Dövlət Universiteti olmaqla bir çox universitetlərdə dərsliklərimdən istifadə edildiyini bilirdim .Ancaq doğrusu NDU - da da mənim dərsliklərimin populyar tədris vəsaiti olmasından xəbərsizdim .Bu məni olduqca məmnun etdi .Bir saat nəzərdə tutulan dərs iki saat iyirmi dəqiqəyədək davam etdi .Bu Universitetdə yaradılmış təlim-tədris prosesi və elmi mühitlə bağlı idi .Tələbələrin gözlərindəki öyrənmək həvəsi , tələbkarlıq , çəkinmədən müstəqil fikir bəyan etmək cəsarəti , yeni fikir və ideyalar səsləndirə bilmək qabiliyyətlərii dərsimizi elə maraqlı etdi ki , vaxtın necə keçdiyini bilmədik. Doğrusu bu mənim ustad dərsim hesab edilsə də əslində mən də özümü Naxçıvan Dövlət Universitetinin dəyərli professor -müəllim heyəti qarşısında ustadlara imtahan veririmiş kimi hiss edirdim .Naxçıvan Dövlət Universitetinin uğur və naliyyətlərindən danışmaq isə ayrıca bir mövzdur .Bircə onu deyə bilərəm ki , NDU – da dünyanın 17 ölkəsindən və Azərbaycanın ən müxtəlif bölgələrindən olan 7 min tələbə təhsil alr .Bu təhsil müəssisəsinin qardaş Türkiyənin və dünyanın çoxsaylı ölkələrinin universitetləri ilə olduqca sıx əlaqələri var. Bu əlaqələr elektron kitabxanaların inteqrasiyasından tutmuş tələbə mübadiləsinə, elmi naliyyətlərin qarşılıqlı paylaşılmasından tutmuş müxtəlif ortaq sosial əlaqələrin tətbiqinə qədər geniş spektrı əhatə edir .Nəticədə universitetdə olduqca uğurlu tədris və elmi mühit yaranmış olur .Hörmətli rektor Elbrus İsayev böyük həvəslə NDU-nun gələcək planlarından danışarkən hazırda universitet şəhərciyində yeni texnoparkın və rektorluq binasının inşa edildiyini bildirdi. Ancaq əslində NDU özünün 108 hektarlıq ərazisi , möhtəşəm tələbə evi , sosial xidmətlər mərkəzi , media mərkəzi, idman bazası, konservatoriyası, muzeyləri ilə universitet şəhərciyindən daha çox elə ayrıca şəhərə bənzəyir.
Salam Nuh Yalavac , salam Nuh baba......
Uşaqlığımda yaşlı adamlar şirin söhbətlərində keçmişi xatırlayarkən ,,Nuhəyyamından qalma,, deyə bir ifadə işlədirdilər .Bu bəhs edilən şeyin çox qədim olmasına işarə idi . Naxçıvanda olub Nuh Yalavacın ( yalavac arxaik türkcəmizdə peyğəmbər deməkdir ) türbəsini ziyarət edərək Nuh əyyamına dönməmək əlbətdə olmazdı .Yalavac sözünü bilərəkdən , tarixi yaddaşımızı təzələmək üçün qəsdən işlədirəm .Elə sadəcə Nuh peyğəmbər də yaza bilərdim . Təssüflə qeyd etməliyəm ki , dilimizdə olan sözləri işlətmədikcə həmin sözlər sürətlə arxaikləşir və dilimiz ,,kasıblaşır ,, Hazırda yalavac sözü Azərbaycan dilində müstəqil leksik vahid deyil .Yəni onu ayrılıqda işlətdikdə heç bir semantik məna ifadə etmir .Sadəcə ac-yalavac birləşməsi kimi işlətdikdə semantik məna qazanır və beynimizdə ac və kasıb məzmunu ilə asossasiya olunur .Əslində isə Yalavac dünya malında gözü olmayan , nəfsinə sahib olan deməkdir .Elə min ilə yaxın ömür sürən Nuh Yalavac dünyasını dəyişəndə ayaqlarının alaçığından kənarda qaldığını görüb soruşurlar ki , niyə bir az böyük koma tikmədin .O da deyr ki , bilsəydim axırı ölümdür heç bunu da tikməzdim. Bu isə əsil peyğəmbərlik , yalavaclıq fəlsəfəsidir .İndi düşünün ki , birdən birə cəmisi bir saatlıq uçuşdan sonra tarixin xatırladığı ən qədim ,,homo sapiens,, lərdən ikincisinin yəni Adəm babamızdan sonra insanlığın ikinci atası hesab edilən , Nuh Yalavacın hüzurundasınız ...!...Bəli mən də həyacanlı idim .Elə bu həyacanla da bir daha emosional yaddaşla mili-etnik şüurumuzun dərinliklərinə endim .Nuh babamın oğlu Yafəsi yaxud Olcayı ( türklərin nəsil şəcərəsi Yafəsdən, başqa adla Olcaydan başlayır .Nuhun Amara ilə evliliyindən olan oğludur. Ama şumer dillində ana deməkdir .Qədmi türkcədə ama ,aba, ana müxtəlif ləhcələrdə elə ana demək idi ) , Qomeri ( Qəmər , Kimmer ) , Toqarmanı , Aranı , və nəhayət adı doğulduğum rayonla eyniyyət təşkil edən Nuhun 8-ci göbəkdən nəvəsi Amasiyanı xatırladım ! Elə bu mənəvi zənginlik ,yüksək qonaqpərvərlik və qürurverici milli duyğularla da Naxçıvandan ayrıldıq.
...Yenidən Naxçıvana qayıtmaq üçün .Ancaq bu dəfə Qərbi Zəngəzur dəhlizi ilə, maneəsiz , birbaşa..... ! Tanrı öz Kutu ilə kutladığı Müzəffər Ali Baş Komandanımızı və onun qalib ordusunu qorusun !
P.S Hazırda ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm milli vəzifələr düşdüyü bir vaxtda öz fəaliyyəti ilə bu istiqamətdə ardıcıl və məqsədyönlu işlər həyat keçirən Türk Ağsaqqalları İctimai Birliyinə, dostum Nicat Dağlara, Elnur Eltürkə belə yüksək səviyyədə tədbir təşkil etdiklərinə görə səmimi təşəkkürümu bildirir, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzu edirəm!
Hikmət Babaoğlu
YAP idarə heyyətinin üzvü, millət vəkili