"Kəlbəcər və Laçında çovğun və külək nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür".Missiya.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib.
Onun sözlərinə görə, azad olunmuş Kəlbəcər və Laçın rayonları çətin relyefli, əsasən, dağlıq və meşə sahələrindən ibarətdir: "Bu rayonlarda qış ayları çox sərt keçir və havanın temperaturu gecələr 15-20 dərəcə arasında dəyişir, bəzən bu temperatur 30-a qədər düşür".
"Kəlbəcər və Laçın rayonlarında infrastrukturun və şəraitin olmamasına baxmayaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində burada xidmət edən hərbi qulluqçuların sosial məişət şəraiti yaxşılaşdırılıb. Yeni inşa edilən və ya əsaslı təmir olunan yaşayış məntəqələri bu rayonlarda dislokasiya olunan hərbi hissəılərin istifadəsinə verilib: "Azərbaycan Ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirirlər. Bu tədbirlərə yolların qar örtüyünün təmizlənməsi işarəedici çubuqların basdırılması da daxildir", - A.Eyvazov bildirib.