“Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Biz hər zaman problemlər haqqında ya emosional, ya da strukturlaşmış təhlil yönümündən danışa bilərik”.
Missiya.Az xəbər verir ki, bunları təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, istənilən təhsilin keyfiyyətinin yaxşı göstəricisi həmin təhsil sisteminin beynəlxalq qiymətləndirmələrdə, tədqiqatlarda görünən şagird nailiyyətləridir: “Burada iki yaxşı xəbər var: yaxşı ondan ibarətdir ki, həmin cədvəllərdə yuxarı sıralarda olmasaq da, bütün tədqiqatlarda iştirak edirik. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin qoşulduğu bütün beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Qoşulduğumuz bütün beynəlxalq qiymətləndirmələrdə şagird nailiyyətləri yaxşıya doğru dəyişir”.
O, qeyd edib ki, ölçülə bilən istənilən şagird nailiyyəti ilə bağlı nəticələrə baxdıqda 5, 10, 15 illik perspektivdə Azərbaycan şagirdlərinin nailiyyətlərində müsbət dinamika var: “Bunun yeganə əksik arqumenti ola bilər ki, kimsə bu rəqəmlərə baxıb göstərir ki, bu belə deyil. Lakin bir misal çəkim - Azərbaycan ölkə olaraq 2011-2019-cu illərdə TEAMS üzrə 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə göstərdikləri nəticələrə görə həm həmin ilin tədqiqatında ən yüksək nəticə, həm də ümumiyyətlə TEAMS qiymətləndirilməsi keçirilən müddət ərzində göstərilən ən yüksək dinamika idi.
Eyni zamanda görürük ki, arzu etdiyimiz səviyyədən nə qədər uzaqda olduğumuzu göstərir. Ən vacibi isə niyə uzaqdayıq sualıdır. Niyə uzaqda olmağımızın da cavabını bilirik. Ən azından tədqiqatlarda yazılıb. Birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır. İkincisi ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü məktəbdaxili mühitdə məzmun problemimiz var”.
Onun sözlərinə görə, dünyada aparılan qiymətləndirilmələrdə istifadə olunan suallarla vacib hesab edilən və uşağa əlaçı dediyimiz suallar arasında çox ciddi fərq var: “Ona görə də bizim şagirdlərimiz həmin qiymətləndirmədə iştirak edəndə aşağı nəticə göstərirlər. Çünki onlar belə sualları heç vaxt görməyiblər. Mahiyyət etibarilə həmin boşluqları bilib görürük deyə, sadəcə zaman lazımdır ki, nailiyyətlər bir günə olmayacaq. Bu gün məktəbəqədər hazırlığa gedən uşaqlar müəyyən müddətdən sonra beynəlxalq qiymətləndirmədə lazım olan nəticəni göstərə biləcək. Tez nəticə görmək mümkün deyil. Əsaslı şəkildə görürük ki, təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik. Eyni zamanda son illərdə Azərbaycanda təhsilin keyfiyyəti aşağı düşüb deyə arqumenti dəstəkləyən heç bir sübut yoxdur. Əksinə ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var”.