b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fdfgfggfgfggh.jpg

                                                                                                                                                                                                                            Ceyhun Musaoğlu


Biz seçki filminin pinti kadrlarının gələcəkdə təkrar zövqümüzü korlayacağına və hadisələrin cəmiyyətə rəzillik damğası vuracağına inanmaq istəmirik.

Biz. Kimdir o? Çox sadə: O, rahat yaşamaq arzusunu gerçəkləşdirməyə ömür xərcləyən azərbaycanlıdır. O, həm türkdür, həm ləzgi, həm tat, həm avar... O, bütövlükdə hələ də fəlsəfəsini tam dərk etməyə çalışan, çalışqan, lap elə vuruşqan azərbaycanlıdır.

Azərbaycanlıya rahatlığı öncə parlament verir, qanunlardan daha yaxşısı olmur - vətəndaş bunu bilir. Yaxşı qanunu, yaxşı parlament qəbul edəcək.

Yaxşı parlament istədi rahatlıq axtaran azərbaycanlı. Dövlətin rəhbərliyi eşitdi. Hakim partiyanın "buraxılmaq" tövsiyəsi qəbul edildi, qanunlarla uyğunluğu təmin olundu, qərar verildi. Mötəbər imzayla növbədənkənar parlament seçkisinə başladıq.

Nə başladıq, jurnalistlər önə çıxdı, gənclərə meydan açıldı, müxalifətə nəfəs gəldi, iqtidar yenilərin adlarını siyahıya saldı.

Cəmiyyətə də həvəs gəldi.

Sonra elə bilək yuxudayıq. Sonrasına yuxuda baxaq. Bilirsiniz də, yuxular əslində nağıllardır. Əsrarəngiz bir dünyaya düşürsən. Göydən topa-topa kağızlar, lopa-lopa bığlı, saqqalı, birçəkli insanların qucaqlarına düşür.

Fevraldır. Elə yuxuda da fevraldır. Camaat qar gözləyir, bu yerdə bir neçə saniyəlik yuxuda qalaq, əlbəttə, əlbəttə qoy kağızlar yağıb yerə düşsün görək, axı onlar niyə qar deyillər. Bu yerdə Bulqakovdan köçürmə etməsəm olmur. “Master və Marqarita” əsərində rusların başına pul səpdi, onları geyindirdi, ardından pullu və geyimli adamlar dəli olub küçələrə düşdülər, pulsuz və geyimsiz. Səbəbi: çox yatdılar.

Nə yaxşı, bizim qar gözləyən camaat tez ayıldı. Müasir dünyada yuxunu da çəkmək olur. Sosial şəbəkələr kadrlardan qala düzəltdilər. Qalanın da başında seçki qutusu. Adamların ora bülleten atmağa boyları çatmır.

"Kəndim, balacasan, çox balacasan".

Öncə Prezident münasibət bildirdi. Sonra MSK araşdırmalara başladı. ATƏT və Avropa Şurasının kəskin bəyanatı da izsiz ötüşmədi. Qəribədir, amma faktdır: Avropanın müşahidəçilərinin cəminə Rusiya Xarici İşlər Nazirliyi cavab verdi.

Azərbaycan parlamentinin yeniləşməsinə imkan verməyənlərin sırasında müəllimlərin adının çəkilməsi qəribə olmadı. Ötən seçkilərdən özünü sürüyə-sürüyə bu günə gətirən tanış ittihamdır.

Qeyri-səlis məntiqə görə yoxla hənin arasında xeyli qərarlar var. Biri belə olsun: müəllim seçkidə komissiya sədridir, o, məntəqədə dərs keçmir, prosesə rəhbərlik edir. "Mən nə yaxşı yaşayıram, nə pis. Mən xarakterimə uyğun yaşayıram". Müəllimə saxtakarlıq xarakterik xüsusiyyət deyil. Komissiya sədri pozuntu edə bilər, bu ənənəvidir.

O müəllimin əsərindən biri mənəm. Müəllim insan yaradır, komissiya sədrinin yaradacağı nəsnə bülletendi, cansız, onun məntiqinə görə vecsizdir, kağız parçasıdır. Hər vəzifənin öz funksiyası olur.

Müəllimin funksiyası məni oxutmaq, vətəndaş  kimi formalaşmağıma təkan olmaqdır. Deputatlığa yüzlərlə ləyaqətli namizədlər müəllimin əsəridir.

Deputatlıq arzumun pardaxlanmasında Hüseyn müəllimin imzası var. Sinif rəhbərimdir. Onun xeyir-duası ilə deputatlığa layiq olduğumu göstərə bildim.

Mənim dairəmdə nonses yaşanmadı. 45, tarixə iz qoymuş eyni rəqəmin sovet müharibəsindən bəri yaddaşlarda yaşatdığı abu-havanı yaşadı. Pozuntular nəticəyə təsir edəcək səviyyəyə qalxmadı. Bu boyda həngamədən yaxasını qurtara bilməzdi: MSK 45-ə şikayət göndərdi, bu şikayət MSK-ya da başqa neqativlərə qoşulub gəlmişdi.

İki cümlə yazım, ancaq oxumayın. Sadəcə ürəyimi deşir deyə, “Word Dokument”ə süni qar kimi səpələyim getsin: Ən ağır dairədə namizəd olaraq, ikinci yerə çıxmışam. Seçicini gördüm. Elə kənd var idi, cəmi 31 nəfər seçkiyə gəlmişdi. Bunun adı inamsızlıqdır. "Kimsə xalqın inamını qırıblar" deməsin, xalq qırılmaz. Almanlar Leninqrada dirənmişdi, sovet xalqı əsir düşmədi. Bir də bizə əhali deyilməsi ilə razılaşmayaq. İçimizdən çıxıb, dünyaya xalq olduğumuzu bəyan edək. Rəsmi Moskvanın bəyanatını yayan ciddi saytlar başlığa çıxarmışdılar: “Əhali islahatlardan razıdır”. Ey sovet şineli, sən mənim əynimə böyüksən, ya da elə kiçiksən, hər nəsənsə mənim deyilsən. Bizim adımız xalqdır, xalq. Qan saçan qoşunun qarşısına yanvarın 20-də silahsız çıxan ürəkli xalq!

Başlayanda mədəni seçki təbliğatı aparacağımızı demişdik. Seçicilər təsdiq edər: yadda qala bildik. Bizim dairədə ikinci olmaq birincilik deyil, əlbəttə. Bir incə nüansla, baxır ikinci kim olur və hansı şəraitdə.

Proses bitməyib, parlamentin yeniləşmədiyini də deyə bilmərik. 40-dan çox azərbaycanlı Milli Məclisin ilk dəfə üzvü seçildi. Bu fakt parlamentin üçdə birinin yenilənməsidir. Mənzərəyə baxıb, niyə islahat deməyək?! Bu dəfə  kobudcasına incə bir nüans: o yenilərin də bəzilərinin seçilməsində ümid qıran məqamlar var. Film kimi yani.

Filmlər tarixdə qalacaq. Belə filmlər bütün xalqların taleyində var. Xoşbəxt o ölkədir, filmlərindəki tarixə tamaşa edəndə acı-acı gülür. Keçmiş gələcəyə mütləq uduzsun gərək. Tərsinəsi dala dönməkdir. “Qobusnamə” deyir: "Dala dönən daşa dönər".

Seçici azərbaycanlı 4-ün 5 olmasını istəyir, 6-ya, 7-yə çıxmasını, ləğv qayçısının çox dairənin qırmızı lentini kəsməsini istəyir.

Arzudur, alqışa layiqdir, sadəcə bugünə hesablanıb. Sabahı planlaşdıraq. Parlamentin fəaliyyətinə nəzarətin ictimaiyyətin əsas vəzifə borcu kimi dərk olunmasını təmin edək. Bu gerçəkliyi həm parlament bilməli, həm də xalq. Parlamentin özünəməxsus ruhu olur. Bəzən deputatların yerini dəyişəndə parlament dəyişmir. Xəritədə Azərbaycanın yerinə baxanda bu tərsinə həqiqətə aydınlıq gətirmək mümkündür. Biz Milli Məclisin ruhunun dəyişməsinə nail olaq.

Olacağıq. Avstraliyalı yazıçı Rhonda Byrnenin "Sekret" kitabında yazılıb: "Cazibə qanunu təbiətin qanunudur. O, hissiyatsızdır və xeyri şərdən ayırmağı bacarmır. O, sadəcə düşüncələrinizi qəbul edir, sonra onları həyat hadisələri və təəssüratlarınız şəklində sizə geri qaytarır. Cazibə qanunu məhz  düşündüyünüzü sizə verir".

Proses səngimək üzrədir. Bitəcək. O, düşüncəyə zərbə vurduğunun fərqində deyil. Proses robotdur, onu nikbin düşüncələrimizlə yönəldək, kainat bizə mükafatlar versin.

Belə düşünəndə yazmaya bilmirəm: Biz seçki filminin pinti kadrlarının gələcəkdə təkrar zövqümüzü korlamayacağına və hadisələrin cəmiyyətə inamsızlıq damğası vurmayacağına inanmaq istəyirik.

İlk cümlənin xəbəri “inanmaq istəmirik”, son cümlənin xəbəri “inanmaq istəyirik”. Əks mənalardır, cümlədəki vurğusuna görə eyni məzmunludur.

Həyat da budur: cəmi bir yolu var, hansı cığırla gedirsən get, hansı bicliklər edirsən et, nə qədər sadəlöhv olursan ol, yenə o yeganə yola çıxacaqsan.

“Orda bir yol var uzaqda, o yol bizim yolumuzdur, getməsək də, varmasaq da, o yol bizim yolumuzdur”!

P.S Əslində seçki bitib, Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında Paşinyanı rəzil günə qoymasından yazmaq gündəmə daha uyğundur. Seçki yazım konfransdan əvvəl yazılmışdı. Bəzi bədbin notları Prezidentin düşmənə vurduğu zərbələr aradan götürdü. Bütün situasiyalarda qələbə də var, məğlubiyyət də. Biz qələbəni görməyə çalışaq.



09 Aprel 2020 "Acam" deyən vətəndaşı təhqir edən məmuru belə cəzalandırdılar - VİDEO
09 Aprel 2020 Faiq Əmirli karantin qaydalarını pozduğu üçün həbs edildi
09 Aprel 2020 Havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək
08 Aprel 2020 Bu qəsəbədə koronavirusa yoluxan yoxdur - Bələdiyyə sədri qorunmağın sirrini açıqladı - FOTO
08 Aprel 2020 "500-dən çox ailəyə yardım paylamışıq" - Missiya.Az-ın aksiyası davam edir - FOTOLAR
08 Aprel 2020 "Kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir" - Xanlar Fətiyev
08 Aprel 2020 Koronavirusdan sonra bu peşə sahibləri işsiz qala bilər - SİYAHI
07 Aprel 2020 Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07 Aprel 2020 5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - Cəzalandırıldı
07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək