b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_derya.jpg
"Sən jurnalistsən. Jurnalistin yazısına, xüsusən məmur barəsindəki yazısına, lap xüsusən hərbi sahənin yüksək rütbəli hərbçi məmuruna qarşı səsləndirdiyi fikirlərə sivil formada rəsmi və etik çərçivələrdən çıxmadan cavab verilsə, daha doğrudur". 

Mən yazmışam. Dünən gecə yenə yoxa çıxan yuxumun arxasınca düşmüşdüm, gəlib "Facebook"a çıxdım. Hələ   "həsəd aparıram yatanlara gecələr" mahnısını zümzümə edəcək yaşa çatmamışıq, bizim yaşın adamları ərşə çəkilən yuxularını sosial şəbəkələrdə axtarırlar. 
Dostların statuslarına baxdım, oxudum. Dəyərli həmkarım, qazi qardaşımız Rey Kərimoğlunun yazdığınasa baxmaqla kifayətlənmədim. Növbəti dəfə Müdafiə Nazirliyinin baş qərərgah rəisi, general-mayor Nəcməddin Sadıkovun barəsində ağır fikirlər yazmışdı. İttiham da demək olar. Cənab generala yönələn belə ittihamlar son vaxtlar gecə-gündüz tanımır, məkan fərqinə varmır, harda, necə, nə vaxt gəldi qarşımıza çıxır. 
Rəy yazmaya bilmədim. Həmkarım, mövqeyinə görə ona qarşı kampaniya aparıldığını da qeyd edirdi. Təkrar diqqətə çatdıracam, üzürlü saymayın. 

" Qardaş, hansı yazıdan söhbət getdiyini bilmirəm. Yəqin heç oxumayacam da. Sadə bir həqiqətisə yazmaya bilmirəm. Sən jurnalistsən. Jurnalistin yazısına, xüsusən məmur barəsindəki yazısına, lap xüsusən hərbi sahənin yüksək rütbəli hərbçi məmuruna qarşı səsləndirdiyi fikirlərə sivil formada rəsmi və etik çərçivələrdən çıxmadan cavab verilsə, daha doğrudur. Həm də cavabda inkar edilməz faktlar olsun. İkincisi, cəmiyyətdə ciddi aqressivlik hökm sürür. Mütləq carəsi tapılmalı. Ən əsas çarəsə var. Dövlətin şah damarlarından axan qanın tıxacla üzləşib, el dilində belə deyək, tromba çevrilməməsinə, bu damarların sistematik probleminin yaşanmaması üçün onların sağlamlığına nəzarət edənlər milli insanlar olmalıdır. Millilik genetik baxımdan etnik xüsusiyyət hesab oluna bilər. İnsanlıq baxımından milli düşüncəni millət məhfumu ilə bəsitləşdirməmək gərək. İnsan dövlətinə, xalqına, lap elə millətinə, vətəninə, təmsil olunduğu siyasi sistemə sevgisiylə bağlanaraq, haqqında xoş sözlərin eşidilməsinə  rəvac verər. Dəyərli vətəndaş  Rey, adını tez - tez hallandırdığın  general və xeyli sayda "damar adamlar"  bu həqiqəti bilirlərsə, yaxşı, bilib əməl etmirlərsə , iki dəfə pis. Bilməyib əməl etmirlər, bu da ola bilər, bu dəfə 3 dəfə pis.Təsəllin də var, zaman bütün daşları yerinə qoyur". 

Sonuncu cümlənin mənzərəsindən diksindim. Zamanın yerinə qoyduğu daşlardan tikilən, qurulan dövlət, ölkə, idarəetmə sistemi dəqiliyi ilə hələ də yerbəyerinə oturmayıb.  Bu düzülüşdə "dövlət" ifadəsini ixtisara sala bilərik. Dövlət necə olur bəyəm? Əlbəttə, Azərbaycandakı kimi – özü də var, imzası da. Bəs yerbəyerindədirmi? Cavabı dəqiq veriləsi sual deyil bu. Ona görə icazə verin, Dövlət babanın alnından öpüb,  düşüncəmi ölkə, idarəetmə sistemi, cəmiyyət məhfumlarının bugünkü mənzərəsinə fokuslayım. Qısa, lakonik yazmağa çalışacam – hər cümlə bir informasiya xarakteri daşıyacaq – hər halda buna çalışacam. 

Yaralı ölkə

Ölkə 30 ildir yaralıdır. İnsandan daha canlı varlıq olan ölkənin 5-də biri iflicdir. Sağalda bilmirik, əksinə,  müxtəlif nahiyələrində həyat elementlərinin yaranması məqsədinə xidmət edən fəaliyytimizlə onu tez-tez incidirik. Ölkəyə yenə güllələr atırlar ­– həm siyasi, həm hüquqi, həm fiziki anlamda. 2002-ci ildə doğulanlar şəhid olma məqamına yetişdilər. Şəhidlik müqəddəsdir, ancaq ölümdür. Ölmək həmişə tezdir və pisdir. Bir daha təkrar edəcəm – ağzıgöyçəklərdən çəkinirəm, şəhidlik müqəddəsdir, şərəfdir. 

Bilirəm, bizim ölkə insanlara rahatlıq yaşadacaq standartlara mütləq gəlib yetişəcək. Aqil Abbasın fikiridir: "Qarabağın işğaldan azad olunacağına inanmasam, gərək onda özümü asam". Azərbaycan yaşayış komfortuna görə tezliklə İsveç kimi də olmasa, Norveç kimi mütləq olacaq. Müqayisələr qüsursuzdur  deməyin, cığallıq edərsiz. Bəli, Vətən daha gözəl məmləkətə çevriləcək, sadəcə, o günü mən də görmək istəyirəm. 

Son bir neçə ilin məşhur etirafı formalaşıb: "Vəziyyət yaxşı deyil". Köhnə sistemlə təzə sistemin təkamül nəzəriyyəsinin tələblərinə zidd olaraq toqquşmasına başlanıldığı mərhələni əhatə edən dövrdə "Vəziyyət yaxşı deyil" qənaətindəki "Vəziyyət" sözünü tələffüz edəndə 4-5 "y" deyirmişik kimi davaranırıq. Təki yanlış qənaət olsun. Müxtəlif təbəqələrin, müxtəlif yaş və baş qruplarının fikirlərindən belə aydın olur ki, ictimai-siyasi vəziyyətdə gərginlik var. 

Səbəblər:

1. Azərbaycan regional müstəvidə balanslaşdırılmış siyasətində ciddi korrektələr edir.
2. Dünyavi ampluada rəsmi Bakı bəzi söz sahibi olan beynəlxalq təşkilatlara qərəzli olduqlarını açıq mətnlə deyir və hər ötən an mövqe daha da sərtləşir. 
3. Hakimiyyətin ötürülmə və yürüdülmə siyasətində masaya qoyulan kartların üzünü oynamayanlar belə, aydın görür, xalları hesablaya bilirlər –
az xalı olanların blef etmək manevrləri tükənib, "xox" gəlmək imkanları yoxdur hallarını hamı görüb. 
4. Türkiyə, yoxsa Rusiya adlı dialema. Bəlkə də heç belə bir dialema yoxdur. Seçkidən öncə Belarusun Rusiyaya münasibətində – daha dəqiqi o prezidentin böyük qardaş adlandırdığı bu prezidentə qarşı məşhur müsahibəsində sərt fikirlər səsləndirməsi, rəsmi Kremlin qonşunun – ellinin belə davranışından əsəbləşdiyini göstərən bəyanatları xüsusən hər iki ölkənin ictimaiyyətində, elə biz tərəflərdə də fikir formalaşdırdı: Putin Lukaşenkonun arxasından çəkildi – Avropa siyasi dəyərlərini Minskə diqtə etmək şansı qazanıb. İcazə verin, seçkidən sonra Rusiya prezidentinin Belarus Prezidentinə 159 milyard dollarlıq güzəştli kredit hədiyyəsini xatırladıb, gülümsəyərək keçim. Heç olmasa mötərizələrin köməyi ilə. Bax belə:))
5. Azərbaycan Türkiyyəni Rusiyadan öndə saxlasın. Bu istək 68 milyonluq o türklərin,  50 milyonluq biz türklərin səmimiyyətinin pardaxlanmasıdır. Əla! İctimaiyyət sözünü birmənalı deyir, siyasətdəsə birmənalı heç nə yoxdur. Putinin xarakteri və Rusiyanın taleyi Azərbaycanla münasibətin formalarına  mütləq təsir edib, edir, gələcəkdə də etməyə biməz. 
6. Ölkədə Rusiyapərəst kimi təqdim olunmaq, a) aşağılanmaq, b) qınağa tuş gəlmək, c) uzaqlaşdırılmaq anlamının sinonimidir – adekvatıdır. 
7. Cəmiyyət yeni islahatlara tam hazır deyil. İslahatların daha çox məmuranə şəxsiyyətlər fonunda təqdimatı da gələcəyə uzanan yolda qaranlıq effekti yaradır, insanlar qarşılarını görməyə bilirlər. Bunun adına qeyri-müəyyənlik də deyə bilərsiniz. Haşiyə: son vaxtlar dəyərli ictimaiyyət xadimlərinin ümidsizliyə qapılan fikirlərinə tez-tez rast gəlirik. Gənc və xeyli diplomlu təyinatlar sırasında məmuranə dəyişikliklərin fiaskosunu yaşayanlar var – mətbaut bu barədə ötəri də olsa yazıb, onların adlarını ara-sıra çəkib. 
- Məmuranə dəyişikliklərin subyektləri barədə qısa əlavə: yenilərin dosyelərini oxuyuruq: oxuya-oxuya akademik təhsilin budaqlarından meyvələr dəriblər. O lap başqa söhbətin mövzusudur – həmin meyvələr yetişmiş olubmu, yeyənlərə keyfiyyətli təsir göstəribmi, yoxsa dekorativ meyvələr də olub aralarında, ya da gemolar?.. 
8. Kadrların faəliyyətinə yekdil qiymət vermək tezdir, razıyam. Narazılıq ömrümüzün sürətlə ötməsi ilə bağlıdır. İnsanların gözləməyə vaxtları çatmır, onlar görmək, yaşamaq arzusundadirlar. İstədiklərinin yolunu gözləməyi, ümidi sevərək qurban verməyə hazırdırlar. Bu tendensiya məhz pandemiyalı dünyanın nano tələbidir. Pis nə baş verirsə, heç olmasın, yaxşı nə baş verirsə tez olsun – cəmiyyətin ali düşüncəsinin ümumi nöqtəsidir bu cümlə. 
9. Hiss olunur: bir dəfə buraxılmış parlament bir də buraxılacaq. Buraxılanlar buxarlanmalıydılar, əksinə, xumarlandılar. Təzyiq az oldu, istilik yaranmadı, köhnələr buxara çevrilmək əvəzinə süni şimal şaxtasının təsirindən dondular. 2019-da alınmadı. Misal: Oktay Əsədovu buxara döndərmək 30 yaşlı dövlə üçün asan deyil və bu çətinlik məntiqlidir. Yeni qüvvələr 2019-un parlament seçkisində mümkün olanı əldə etdilər. Siyasət sənətinin şah beyitidir. Düzdür, mən bu "fəlsəfə" ilə razı deyiləm. Amma mən kiməm, adi jurnalist – yorğun jurnalist həm də. 
10. Mümkün olmayanı əldə etmək bizim vəziyyətimizə tam uyğundur.  Gecikirik, ömrümüz gedir. 75-ci ildə doğulanlar bir də dünyaya gəlməyəcəklər ( guya 95-də doğulan gələcək?..)). Bizim 45 yaşımız var. Hər şeyi bilirik, görmüşük, görürük. Tələsmək vacibdir, səbrlə tələsməyi bacaran mütləq qalib gəlir. 
11. Cəmiyyətdə dolaşan əsas fikir: "Parlament buraxılacaq". Yeni parlamentə düşmək istəyən qüvvələrə də, fərdlərə də hüquqi baza yaradılacaq. Mojaritarın tək qalıb darıxmasına son qoyulur. Proporsional seçki sistemi formalaşdırılır. Əvvəl referendum keçiriləcək, Seçki Məcəllsindəki labüd dəyişikliklər təklifi xalqın ixtiyarına buraxılacaq. Yaxşı təklifdir, niyə də keşməsin. Keçəcək, yeni seçki, yeni parlament!
12. Bəs köhnə qalib komanda? Bəli YAP!. YAP tarixə yapılacaq?  Elə deyil, onlar parlamentdə ana müxalifət qüvvələrinin təmsilçiləri olmaq şanslarını saxlayırlar – 17-18 yer. Bəsdir, hətta çoxdur. 
13. Parlament çoxluğu yeni qüvvələr olacaq. İnanırsız, o yaranacaq partiyaya yeni ad da tapmışam, soruşan olsa, deyərəm. Bax o qalib siyasi qüvvə proporsional seçki sisteminin özəlliyindən istifadə edib, parlamentdə 65-68 yerə sahib olacaq. Qalır 39 yer. 
14. 68 qalib qüvvə, 18 ata iqtidardan ana müxalifətə çevrilən məğlub qüvvə, qaldı 39 yer, nə çoxdur ölkədə partiya, hələ o vaxta qədər xeyli yenisi də qeydiyyatdan keçəcək. Əgər 3-cü dəfədir parlamentə düşən partiyaların demək olar hamısı – cəmi bir yerin qalibiyyətini siyasi karyeralarının uğuru saymaqda davam edirlərsə, seçkiyə qatılacq ən azı 20-22 partiyanın bir neçəsi 2 yer, yerdə qalanı 1 yer qazansa, bayaram edərlər. 
15. Necə parlament olar? Belə format heç olmadı son 102 ildə. 

Yekun: xalq yeniliyi fərdlərin həyatına təsir edəcək, sonra ölkənin inkişafına xidmət edəcək, ardından qürurumuzu əzən Vətən işğalından birdəfəlik qurtularaq, qalib ədayla yaşamağı arzulayır. 

Rey, sən missiyanı çoxdan yerinə yetirmiş məmləkət bəndəsisən. İndi dediklərin təkrardır, təkrar yaşadığımızdan yaşımızı da unutmuşuq, bu bir, həyatımz da monotonlaşıb, daha 70 il yaşamaqla 30 il yaşamağın fərqi qalmayıb bizim üçün. 
Sabah həmişə var. Yeniliyin öncə təkrarçılığa son qoyacağına inanaq. 30 ildir, haqqında pis fikirlər dolaşan adamların gələcəyə uzanan yolda daş olub maneəyə çevrilməsinə son desək, hər günümüzü doya-doya, sevə sevə-yaşayarıq. 
Hər kəsin, dünyanın bütün insanlarının – Somalidəki acların da, Amerikadakı toxların da bir amalı var – yaşamaq. Sağlam, rahat, azad, qürurla yaşamaq. 
Aydın Məmmədovun bir fikri ilə bitirək, sonra gedim yeni yaratdığım, ha çalışsam da ağ günə çıxara bilmədiyim  "RUPOR"umla əlləşim, görək daha yaxşı necə eşidilə bilərik. 
Tarixin səhifəsinə çevrilən Aydın Məmmədov belə demişdi: “Ölməliyiksə hamımız ölməliyik, qalmalıyıqsa hamımız qalmalıyıq”. Ağır söhbətdir. Aktuallığını yüzdə yüz qoruyur. Yeri gəkmişkən, Aydın müəllim bu fikri parlament kürsüsündən demişdi, 90-91-ci illərdə. Özü öldü, elə bildi biz sağ qaldıq(.

16-cı bəndi unutmuşdum deyəsən. 

16. Mətbuatı səhmana salaq. Mətbuat həqiqətən hər şeyi doğru göstərməyi bacaran deyəsən yeganə vasitədir. Qalib olmaq istəyənlərə, qalib olub Azərbaycanı işıqlı sabaha daşımaq istəyənlərə deyəcəyim, onlardan rica edəcəyim son istək budur – tək mənim deyil, hamının arzusudur: mətbuatı elə səviyyəyə qaldırın ki, ona baxanda hər şeyi aydın görəsiniz – stereometriya həndəsəsindən soruşun açıqlamasını verəcək.  

Öncə mətbuat, sonra parlament amanatı. Ardı özü gələcək. Dövlətlər iki mexanizm üzərində inkişafın rahatlıq həddinə çatblar: ÖNCƏ MƏTBUAT, SONRA PARLAMENT! 

Jurnalist Ekspert Mərkəzinin sədri

29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - SİYAHI
28 Oktyabr 2020 Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
28 Oktyabr 2020 Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı
28 Oktyabr 2020 Yeni ərazilər işğaldan azad edildi - Prezident elan etdi
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 20 nəfərə çatdı - Yenilənib
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 19-a çatdı
28 Oktyabr 2020 MN: Bərdə şəhəri "Smerç”lə vurulub
28 Oktyabr 2020 Bərdə şəhərinə yenə raket hücumu: Ölənlər var
28 Oktyabr 2020 Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
28 Oktyabr 2020 İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib
28 Oktyabr 2020 Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
28 Oktyabr 2020 Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28 Oktyabr 2020 Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb
28 Oktyabr 2020 Lük Koffi: "Eşitmişəm ki, Azərbaycan dəhlizə nəzarət edir"
27 Oktyabr 2020 Qarabağda separatçıların “müdafiə naziri” belə məhv edildi - ANBAAN VİDEO