AZ   |   RU
Azərbaycanda Gənclər Siyasəti uğurlu nəticələr verir


Gənclər siyasəti dövlət siyasətinin mühüm bir istiqaməti olaraq gənclər üçün inkişaf meyillərinin artırılmasını, aktiv iştirakçılığı, iqtisadi, sosial və siyasi olaraq müsbət dəyişiklikləri ehtiva edir. Gənclər həm də gələcəyin memarları olmaqla bir qrup olaraq önəmli yer tutur və dünyanın demək olar ki, bütün ölkələrində bu qrupla işin effektiv təşkili üçün qlobal gənclər siyasətinin lokal xətti kimi yerli dövlət gənclər siyasətləri hazırlanır, tətbiq edilir. 

Azərbaycan Respublikasında da gənclər önəmli sosial qrup olaraq davamlı öyrənilir, bu sahədə ixtisaslaşmış kadrlar hazırlanır, gənclər üçün geniş imkanlar yaradılır və gənclər siyasətinin uğurlu tətbiqinə xüsusi diqqət yetirilir. 

“Bizim bu günki gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımı fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir" - deyən Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü il 26 iyul tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmış, gənclər siyasətinin əsaslı və strukturlu aparılmasına başlanılmışdır. Azərbaycan gəncliyinin tarixində yeni mərhələ yaradan 2 fevral 1996-cı il "Azərbaycan gənclərinin ilk forumu" gənclərə olan xüsusi diqqətin və dəyərin göstəricisi idi. Elə bu tarix ölkə prezidentinin imzaladığı sərəncama əsasən Gənclər Günü kimi qeyd edilməyə başladı. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların şəxsi və professional bacarıqlarını artırmaq, keyfiyyətli təhsil almalarına şərait yaratmaq məqsədilə bir çox addımlar atılmış, dövlət proqramları təsis olunmuşdur. 2007-ci ilin "Gənclər ili", 2020-ci ilin "Könüllülər ili" elan olunması, 2012-ci ildən bəri Bakı istisna olmaqla müxtəlif şəhər və rayonların "Gənclər Paytaxtı" seçilməsi gənclərə verilən dəyərin göstəricilərindəndir. 

Azərbaycan gənclər siyasətinin uğurlu olmasını göstərən amillərdən biri də gənclər üçün yaradılan imkanların yalnız paytaxt Bakıda deyil, həm də regionlarda yaradılması, bütün gənclər üçün bərabər imkanların təmin edilməsidir. Gənclər Evləri, Gənclər İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində yaradılmış Gənclərin İnkişaf və Karyera Mərkəzi 55 şəhər və rayonda fəaliyyət göstərməklə region gənclərinin bu inkişaf dalğasının bir parçası olmasına, onların hərtərəfli inkişafına nail olmaq məqsədi daşıyır. Gənclərin bilik və bacarıqlarını artırmaq, onlar üçün bütün imkanları əlçatan etmək üçün müxtəlif təlimlər, şəxsi inkişaf proqramları, karyera quruculuğu layihələri, könüllülük və təcrübə proqramları təşkil olunur. Gənclərin motivasiyasını və aktivliyini artırmaq, məlumatlılıq səviyyəsini yüksəltmək, şəhər mərkəzləri və regionların paralel inkişafını təmin etmək üçün 4 istiqamətdə fəaliyyətlər keçirilir: vətənpərvərlik və dövlətçilik, şəxsi inkişaf, karyera quruculuğu, könüllülük və sosiallaşma. Bunun üçün onların maraqları öyrənilir, qeyri-formal təhsil metodlarından geniş istifadə olunur, inklüziv mühit yaradılır. 

Ölkəmizdə gənclər siyasətinin keyfiyyətli aparılması məqsədilə bu sahədə ixtisaslaşmış kadrlar hazırlanır, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti və digər bir sıra universitetlərdə magistratura proqramında "Gənclərlə iş" ixtisası üzrə təhsil verilir. 

Prezident İlham Əliyevin qərarı ilə "Gənclər üçün Prezident Mükafatı"nın və gənc kadrların irəli çəkilməsi üçün "Yüksəliş" müsabiqəsinin təsis edilməsi, gənclərin rifahına xidmət edən dövlət proqramları gənclərlə bağlı siyasi xəttin uğurlu davamıdır. 

Azərbaycanda gənclər siyasətinin uğurlu tətbiqi və davamlı inkişafı üçün sektorlar arası əlaqələr, inteqrasiya gücləndirilir, insan kapitalına verilən dəyər günbəgün artır, qlobal çağırışlara dünya gənclər siyasətinə uyğun gənclərin inkişafına dair uğurlu addımlar atılır. 

Nigar Abdullazadə 
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin təlim-tədris üzrə mütəxəssisi


Baxış sayı: 64
  • 2-02-2023, 14:02