AZ   |   RU
Dünyanın on ən mühüm kitabından biri - "1984"


Corc Orvell-Corc Orvell təxəllüsü ilə dünya ədəbiyyatına daxil olan Eriks Artur Bleyer(1903-1950) Hindistanın Benqal əyalətində ingilis ailəsində dünyaya göz açıb. "Horizon" və "Adelphi" məcmuələrində öz həqiqi ad və soyadı ilə çıxış edən Eriks Artur yeni əsərinin çapına hazırlaşdığı zamanda özünə təxəllüs götürmək qərarına gəlib.

1937-ci il mayın son günlərində snayper atəşinə hədəf olan Corc Orvell boğazından yara alaraq bir müddət danışıq qabiliyyətini itirib və 1940-cı ildən həyatının sonuna qədər Londonda yaşayıb. Burada bir neçə məcmuələrlə əməkdaşlıq edib. Yazıçı 1949-cu ilin oktyabrında Konya Brovnell ilə evlənib. Lakin onlar evliliyini 3 aydan sonra bitiriblər. Corc Orvell 1950-ci ildə dünyasını dəyişib.

Onun məzar daşı üzərində məşhurlaşdığı ədəbi təxəllüsü yox, həqiqi adı və soyadı həkk olunub.

Corc Orvell "Birma günləri", "Keşişin qızı", "Yaşasın Fikus!", "Uiqan körpüsü yolu" "1984" və s. əsərlərin müəllifidir. 

Yazıçının məhşur əsərlərindən biri olan "1984" əsəri ilə bağlı bəzi maraqlı məlumatlar:

1)Corc Orvell "1984" romanını mənəvi və maddi sıxıntılardan əziyyət çəkdiyi zamanda bitirib. 

2)Yazıçının redaksiyadakı iş otağının nömrəsi 101 idi. Həmin nömrə alleqorik obraz kimi "1984" romanında əks olunub. 

3)ABŞ-ın nüfuzlu "Times" jurnalı əsərin ilk nəşrinin 60-cı illiyi münasibətilə redaksiya məqaləsində "1984"-ü son altmış ildə ingilis dilli ədəbiyyatın ən diqqətəlayiq nümunəsi adlandırıb.

4)"Newsweek"-in keçirdiyi sorğunun nəticələrinə əsasən, "dünyanın on ən mühüm kitabı"sırasına daxil edilib. 

5)Roman indiyə qədər 70-dən çox dilə tərcümə olunub.

6)1956 və 1984-cü illərdə bu əsər əsasında 2 dəfə film çəkilib.

7)Corc Orvell romanı "Avropada sonuncu insan"  adlandırmaq istəyirdi.

8)Bəzi versiyalara görə, "1984" adı-əsər üzərində işin başa çatdırıldığı 1948-ci illə bağlıdır. Sadəcə rəqəmlərin yeri dəyişdirilib. 

9)"Böyük Qardaş" "Teleekran" "Fikir cinayəti" "Yenidil" "İkifikirlilik" və başqa surət, anlayışlar kimi "1984" rəqəminin özü də simvolik mahiyyət qazanmış və rəmzə çevrilib. 

Əsərdən bir neçə sitat:
"Bəşəriyyət seçim qarşısındadır: ya azadlığı, ya da xoşbəxtliyi seçməlidir".

"Bəs onda hansı qüvvə bizi xilas edəcək?

-Bilmirəm. İnsan ruhu".

"Qaranlıq olmayan yer xəyallarda yaşayan gələcəkdir".

"Fikir cinayəti ölümlə nəticələnmir. Fikir cinayətinin özü Ölüm deməkdir".

"-Heç zaman qaranlıq olmayan yerdə?

-Heç zaman qaranlıq olmayan yerdə".


Günel Ayxan 
Missiya.Az 



Baxış sayı: 151
  • 24-03-2023, 17:40