Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür.
Bu gün artıq 100 gününü qeyd edən repressiv İran rejiminə qarşı etirazlar fars mollalarının ideologiyası ilə milli ruhunun ziddiyyətindən doğan qanunauyğunluqdurmu?
Əlbəttə bu suala ən azı İrandakı etirazların yaşı qədər eyni məna daşıyan cavab tapmaq olar. Ancaq bu İranın daxili işidir deyib keçirik. Sadəcə bizi düşündürən İranı “dəli”yə çevirən erməni eşqidir. Deyəsən, İran mollalarını məcnun edib, gah Araz kənarında, gah erməni dəhlizlərində, gah erməni qəbristanlıqlarında divanətək veyillənməyə məcbur edən səbəblər saf məhəbbətin diktəsi deyil.
Türkün varlığından, türk adından qorxan fars əmmaməliləri, lap qulağının dibində böyüyən qorxudan, hər hansı bir səhvliyində ürəyinə sancılmağa hazır olan Atilla, Mete yadigarından bərk təşvişə düşüb, başına gələcəkləri də götür-qoy edə bilmirlər.
Odur ki, hələ Vətən müharibəsi zamanı Ermənistana qeyri-qanuni yollarla edilən müxtəlif yardımlar, bizə qarşı bitib-tükənməz təxribatlar, hərbi təlimlər adı altında guya əzələ nümayişləri, Azərbaycan daxilində sabitliyi pozmaq cəhdləri, Qarabağa qanunsuz keçən İran vətandaşlarından ibarət “Qərayib” dəstələr İran mollalarının anti-Azərbaycan fəaliyyətlərinin cüzi bir qismidir.
Qədim Yunan filosofu Platon deyirdi ki, “Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar”. Təbii ki, İran dövlətinin belə primitiv gedişləri, onu idarə edənlərin xarakterini də açıb ortaya çıxarır. Dövlət adamının ürəyi başında olmalıdır axı!
Bu fars mollalarının ürəyi yoxdur bilirdik. İndi aşkar oldu ki, başları da boş imiş.
Özünü müsəlman dünyasının yorulmaz sərdarı hesab edənlər Xocalıda qətlə yetirilən müsəlmanları və bu hadisəni bir dəfə də olsun dilə gətirib, yad etmədikləri halda İraq-İran müharibəsində ölən ermənilərin xatirəsinə baş əymələri çox istərdik ki, öz vətəndaşlarına olan hörmətlərindən qaynaqlansın. Əks təqdirdə bu öz dininə, dilinə, milli kimliyinə xəyanət olardı.
İranda artıq 4 aydan artıq bir vaxtdır ki, davam edən hökümət əleyhinə etirazlara başqa bir don geyindirməyi bacarmayan fars mollaları daxilindəki problemlərdə də başqalarının əlinin olduğu yalanını xalqına və beynəlxalq ictimaiyyətə sırımağa çalışır.
Gah siyonizm təklükəsinin sərhədlərinə çatdığını, gah sərhədlərin dəyişdirilməsi təhlükəsindən ağız dolusu danışan sarıqlı ağaların yeganə dərdinin Azərbaycanın vahidləşməsi, güclənməsi və bütöv Türk dünyasının birləşməsinin qarşısını almaqdır. Amma necə deyərlər? sənin böyüklüyün və gücün ağlının yetdiyi yerə qədərdir.
İndi mikrafon görən, tribunaya çıxan bütün mollalarda “Azərbaycana daha nə şər-böhtan ata bilərik” fobiyası yaranıb.
Dünən Qasım Süleymaninin ölümünün ildönümünə həsr olunmuş tədbirdə çıxış edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əlirza Tanhoy “Azərbaycan rəsmiləri Ukraynadakı vəziyyətdən dərs almalı, amerikalıların və avropalıların Ukrayna xalqına nə etdiklərini görməlidir. Onlar bilməlidirlər ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi kimi heç vaxt sərhədlərinin təhlükə altında olmasına imkan verməyəcək" deyib. Tanhoy hələ hədə-qorxusundan da qalmayıb, ərz edir ki, “İran və onun qonşu regionlarına qarşı yönəlmiş istənilən addıma silahlı qüvvələrimiz qəti cavab verəcək.”
İndi də yeni bir dəb ortaya çıxıb ermənilərin evlərini, məzarlıqlarını yad etmək.
Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər və elmi-dini hövzələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı Erməni Yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.
Mərasimə təşrif buyuran müsəlman din xadimlərindən də biri məsləhət verib deyir ki, “Bizə dini hövzələr, kilsələr, Erməni Yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”.
Etdikləri ilə söylədikləri ziddiyyət təşkil edən əmmaməli terrorçular yenə də öz aləmlərində islami dəyərlərdən və multikulturalizmdən ağız dolusu danışırlar. Görəsən qonşularına dil uzadan bu mollaların öz ölkələrindəki xaosdan xəbərləri varmı? Əlbəttə ki, yox. Çünki, İranda molla və erməni olmayan heç bir adəm övladının hökumətin nəzərində dəyəri yoxdur.Aqil MusaMissiya.Az