
"Prezident İlham Əliyev Türk dünyası, onun gələcəyi və perspektivləri barədə hər çıxışı ilə bizim yolumuzu müəyyənləşdirir”.
"Cənab Prezident Türk dünyası, onun gələcəyi və perspektivləri barədə hər çıxışı ilə bizim yolumuzu müəyyənləşdirir. Hədəfləri o qədər aydın və dəqiq göstərir ki, əlavə bir izaha ehtiyac qalmır. TAİB-in fəaliyyət proqramı da elə verilən mesajlara əsaslanır".
Bunu Missiya.Az-a açıqlamasında Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev deyib.
TAİB sədri Sudeyif İmamverdiyev rəhbərlik etdiyi İctimai Birliyin məqsəd və məramlarından danışarkən qeyd edib ki, Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in məqsədi Türk ölkələri vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişafına töhfə vermək, eləcə də türk aydınları, düşüncə adamları, elm və mədəniyyət xadimlərinin ümumtürk ideyaları uğrunda birgə fəaliyyətini vahid müstəvi üzərinə gətirməkdir:
“Bizim yaratdığımız nümunə ictimai təşəbbüsdür və düşünürük ki, ictimai düşüncənin aktiv fazada olması proseslərin dinamikasına ancaq müsbət təsirlər göstərə bilər”.
Türk xalqları arasında inteqarasiyanın sürətlənməsinin əhəmiyyətindən danışan TAİB sədri hesab edir ki, prosesə müsbət impulslar verəcək bütün vasitələrdən mümkün qədər istifadə olunmalıdır:
"Unikal imkanlardan biri isə qeyri-hökumət təşkilatlarının malik olduğu potensialı bəlli hədəflərə doğru yönəltməkdir. Biz - Azərbaycanda yaradılmış, ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün dövət səviyyəsində atılan sistemli addımlardan yararlanan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ictimai təşəbbüskarlığa verdiyi önəmdən ruhlanan qeyri-hökumət təşkilatı olaraq proseslərdə müşahidəçi yox, iştirakçı olmağa çalışırıq. Türk birliyinin möhkəmlənməsində QHT-lər həqiqətən də nəzərəçarpan rol oynaya bilərlər. Bunu TAİB-in yaratdığı geniş əlaqələrə, təşəbbüslərimizin dəstəklənməsinə, Türk ölkələrinin QHT-ləri ilə birgə layihələr həyata keçirmək təkliflərimizin böyük maraqla qarşılanmasına, eləcə də müxtəlif Türk ölkələrində apardığımız əyani müşahidələrə əsaslanaraq deyirik".
Sudeif İmamverdiyev qeyd edib ki, bu gün TAİB Türk dünyasında mədəni-sosial və ictimai əlaqələrin inkişafında fəal iştirak edir və bununla həm də Türk dünyasının biriliyi yönündə heyrətamiz siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyevin atdığı tarixi addımlara öz dəstəyini ifadə etməyə çalışır. “Cənab Prezidentin dediyi kimi, bizim bir ailəmiz var, o da Türk Dünyası!”