"Azərbaycan xalqı tarix boyu ağsaqqalı - böyük, təcrübəli insanı həmişə dəyərli bilib. Məhkəmələr olmamışdan əvvəl hər bölgədə bir ağsaqqal olub və həmin şəxslərin ədalətin bərpasında sözləri həlledici olub, söz sahibi sayılıblar. Əslində belə baxanda, "Ağsaqqallar Şurası" adlı bir qurumun olması yaxşıdır, zərərli deyil. Çünki bir daha vurğulayıram ki, bu, tövsiyə xarakterli bir qurumdur. Eyni zamanda adət-ənənələrimizin, keçmişimizin qorunması və gələcəyə ötürülməsi baxımından da ağsaqqallar institutunun mövcudluğu vacibdir".
Missiya.Az xəbər verir ki, bu sözləri Müsavat.com-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı bildirib:
“Lakin sual budur: bugünkü Ağsaqqallar Şurası bu dediyimiz meyarlara cavab verirmi? Onların fəaliyyəti həqiqətən “ağsaqqallıq” anlayışına uyğundurmu? Onlar doğrudanmı vətəninin, millətinin bu günü və gələcəyi barədə düşünürlər? Onların dövlətə və millətə canı yanırmı? Yoxsa bu şurada təmsil olunanlar mövqe və maraqları naminə fəaliyyət göstərirlər, şəxsi rifahlarını və bizneslərini yaxşılaşdırmaq üçün bu qurumdan istifadə edirlər? Məncə, bu, həmin qurumda təmsil olunan şəxslərin problemidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, rəhbərlikdən tutmuş digər üzvlərə qədər analiz etsək görərik ki, bir çoxları daha çox şəxsi maraqlarına xidmət edir, nəinki ağsaqqallıq prinsipinə. Ona görə də qurum qalmalıdır, amma orada ciddi islahatlar aparılmalıdır. Mümkündür ki, nizamnaməsində dəyişiklik edilsin. Ağsaqqallar Şurası siyasi mövqe nümayiş etdirməməlidir. Onlar gənclərlə işləməli, gənclərə tövsiyələr verməli, cəmiyyətdəki neqativ hallarla öz imkanları çərçivəsində mübarizə aparmalıdırlar",- deyə Tural Abbaslı bildirib.
Nurlana Əhmədova
Missiya.Az