AZ   |   RU
“Prezident İlham Əliyev Laçındakı çıxışı ilə proseslərin analitik tablosunu yaratdı” – Ramin Əhmədov

“Cənab Prezidentin Laçındakı çıxışı II Qarabağ müharibəsindən sonra başlamış prosesin gedişatına dair qarşımızda aydın mənzərə yaratmış oldu”.

Bunu Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi Ramin Əhmədov Prezident İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərindəki çıxışı barədə danışarkən deyib.

Ramin Əhmədov qeyd edib ki, dövlət başçısı bütün çıxışlarında məsələləri ən xırda elementlərə qədər mükəmməl şəkildə şərh etməklə mövzunu tamamilə əhatə edir: 

“Bu dəfə də belə oldu. Cənab Prezident elə bir analitik tablo yaratdı ki, orada həm sentyabrın 12-13-də həyata keçirilmiş hərbi əməliyyatın səbəblərini, həm üçtərəfli qaydada imzalanmış sənədlərdən irəli gələn öhdəliklərin icra vəziyyətini, həm də dövlətimizin potensialı, təsir imkanları və əsas götürdüyü prinsipləri görə bilirik. Artıq hər kəsə aydındır ki, “Azərbaycan Ordusu Ermənistanın ərazisinə daxil olub” kimi iddiaların heç bir əsası yoxdur. Dövlət başçısı aydın şəkildə izah etdi ki, Ermənistanın bizimlə sərhədi hələ müəyyənləşdirilməyib və bunun da səbəbkarı məhz rəsmi İrəvandır. Ermənistan hələ də vaxt uzatmaqla məşğul olduğundan sərhədlərin delimitasiya və demarkasiyası prosesini başa çatdırmaq mümkün olmur. Odur ki, Azərbaycanı başqasının ərazisinə daxil olmaqda ittiham etmək tamamilə yersizdir. Hər halda cənab Prezident təsadüfən demədi ki, əlimizdə XIX, XX əsrlərə və ondan da əvvəlki dövrlərə aid xəritələr var. Bu o demək idi ki, atdığımız addımların arxasında konkret sübutlar, təkzibolunmaz faktlar var. Ermənilərdən fərqli olaraq biz saxta, qondarma  sənədlərə əsaslanmırıq”.  

R.Əhmədovun fikrincə Ermənistan tərəfi də Azərbaycan Prezidentinin əlindəki xəritələrdən xəbərdardır. Onlar da bilirlər ki, bu xəritələrdəki sərhəd cizgiləri onların torpaq iddialarının tamamilə əsassız olduğunu göstərir:

“Elə buna görə də sərhəd xəttinin müəyyənləşdirilməsi prosesini yekunlaşdırmağa maraq göstərmir, təxribatlar törətməklə vaxt uzatmağa çalışırlar. Yəqin ki, bundan sonra davranışlarını korrektə edəcəklər. Hər halda sentyabrın 12-13-də aldıqları dərs hamısına aydın etdi ki, rəsmi Bakı kiminsə nazı ilə oynamaq həvəsində deyil. Bu xüsusda Cənab Prezidentin “zənglər və xahişlər” barədə dediklərinin də konkret ünvanları var idi. Bir tərəfdən rəsmi İrəvana xitab olundusa, bir tərəfdən də ermənilərə görə əl-ayağa düşənlərə mesaj göndərildi”. 

Ramin Əhmədov hesab edir ki, sentyabrın 12-13-də erməni təxribatlarına qarşı həyata keçirilmiş hərbi əməliyyat, Azərbaycanın müstəqil siyasət yürütdüyünü, hər hansı ölkədən asılı olmadığını, öz təhlükəsizliyini təmin etmək üçün istənilən vaxt müvafiq tədbirlər, əməliyyatlar keçirmək imkanında olduğunu növbəti dəfə sübut edib: 

“Cənab Prezident dəfələrlə bəyan edib ki, heç bir qüvvə bizim qarşımızda dayana bilməz. Sentyabr əməliyyatları bunu növbəti dəfə sübut elədi. Ermənistanın müttəfiqləri belə Azərbaycana qarşı xoşagəlməz addımlar atmadı və faktiki olaraq rəsmi İrəvanın istəklərinə qarşı çıxdılar. Qərb ölkərindən verilən bəyanatların isə dövlətimiz üzərində hər hansı təsir gücü ola bilməz. Bu gün dövlətimizin mövqeyi kimi, ordumuzun yerləşdiyi yeni mövqelər də dəyişməz olaraq qalır. Bir addım belə geri çəkilmədik. Müstəqil siyasət belə olur. Bu gün Azərbaycan Dövləti öz təhlükəsizliyini təmin etmək gücündədir. Bu potensiala isə biz məhz İlham Əliyevin sayəsində yiyələnmişik”. 

ELCAN
Missiya.Az



  • 22-09-2022, 13:19