AZ   |   RU
“Ermənistanın Türkiyə ilə barışmaqdan başqa yolu yoxdur” - Paşinyan

“İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur. Türkiyə kimi bir ölkə ilə barışıq yolu tutmuruqsa, o zaman hansı yolu tutmalıyıq?”. 


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransı zamanı deyib.


O həmçinin Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərindən narazı olan insanların nəyə ümid etdikləri ilə maraqlanıb:


"Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə etməliyik? Biz ümumiyyətlə nə danışdığımızı başa düşürük?", - deyə siyasətçi vurğulayıb.


Paşinyan qeyd edib ki, hazırkı hibrid hücumun təhlükəsi tezislərin ictimai müzakirələrə atılmasındadır, onun ətrafında elə bir hay-küy yaranır ki, insanlara bu tezislərin mahiyyətini anlamağa imkan verilmir. 


Siyasətçi dəfələrlə Ermənistanın sülhə can atdığını və bu gün uzunmüddətli sülhün bərqərar olması üçün bütün səylərin göstərildiyini bildirib.


"Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Və hesab edirəm ki, Ermənistan xalqı bu məsələdə bizi dəstəkləyir. Mən bunu təkcə güman etmirəm, həm də buna əminəm", - deyə Paşinyan əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:05