AZ   |   RU
Rac Kapurun Bakı səfərindən nadir kadrlar - VİDEO

Azərbaycan Televiziyasının arxivindən tanınmış hindistanlı aktyor Rac Kapurun Bakıya ilk səfəri ilə bağlı unikal kadrlar yayılıb.

“AzTV tarix” “YouTube” kanalında yayımlanan kadrlar 1956-cı ilə aiddir. Sözügedən il Bakıda Hindistan Kinofilmləri Festivalı keçirilib. Hindistanın kino xadimləri festivalda iştirak etmək üçün Bakıya dəvət olunublar. Nümayəndə heyətinin tərkibində Rac Kapurla yanaşı, rəsmi şəxslər, rejissor və operatorlar, həmçinin tanınmış aktrisa Nərgiz Datt olub.

Arxiv kadrlarda noyabrın 3-də Rac Kapur və sənət dostlarının olduğu təyyarənin Bakıda hava limanına endiyi, kino xadimlərini böyük bir izdihamın qarşıladığı əks olunur. İzdihamın arasında Azərbaycanın Xalq artisti, Rac Kapurun yaxın dostu Rəşid Behbudov da olub. Kadrlarda iki sənətçinin səmimi görüşü də var. Videoda Rac Kapur və hind nümayəndə heyətinin “Nizami” kinoteatrında Bakı tamaşaçıları arasındakı görüş, hindistanlı sənətçilərin şəhər gəzintisi, keçmiş Dağüstü Parkla tanışlığı yer alıb.

Görüntülərdə diqqətçəkən məqamlardan biri hind kinoxadimlərin Bakıda futbola baxmaq üçün stadiona getmələridir. Videoda qeyd olunur ki, azarkeşlərin diqqəti həmin gün futbolda deyil, Rac Kapur və sənətçi dostlarında olub. Rac Kapurun “Bakı” telestudiyasında piano başına keçərək ifa etməsi də yayılan kadrlar arasındadır. Qeyd edək ki, Rac Kapur 1924-cü il dekabrın 14-ü anadan olub. Bu gün onun anadan olmasından 97 il ötür. Onu da bildirək ki, “AzTV tarix” “YouTube” kanalında AzTV-nin arxivində yer alan unikal sənədli filmlər, görüntülər yayımlanır.

  • 15-12-2021, 14:44