Bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi müəyyənləşib.
Missiya.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarına əsasən, janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1 milyon ABŞ dolları təşkil edir.
Qeyd olunub ki, ödəniş ABŞ dollarının Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.
Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycanda əməkdaşlıq etdiyi, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycanda qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.
Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan qanunvericiliyinə zidd olmamalıdır.
Bundan başqa, filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi üçün minimum məbləğ də açıqlanıb. Belə ki, aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:
– bədii filmlər üçün - 200 min ABŞ dolları;
– sənədli filmlər üçün - 50 min ABŞ dolları;
– animasiya filmləri üçün - 100 min ABŞ dolları;
– çoxseriyalı film üçün (bir seriyaya görə) - 70 min ABŞ dolları;
– televiziya şouları üçün - 100 min ABŞ dolları;
– reklam üçün - 30 min ABŞ dolları;
– internet video oyunları üçün - 30 min ABŞ dolları;
– yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün – 70 min ABŞ dolları.
Qaydaya əsasən, filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycanda çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği göstərilən formada olmalıdır.