
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Müasir Pediatriyanın İşığında” adlı elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Ardınca muzeyə baxış keçirilib.
Konfransın açılış hissəsində ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İlk olaraq Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov açılış nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev tədbir iştirakçılarını salamlayaraq ölkədə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən işlər və qarşıya qoyulan hədəflər barədə məlumat verib.
Konfransın elmi hissəsində ölkənin müxtəlif bölgələrindən dəvət olunmuş pediatr və tibb mütəxəssisləri tərəfindən müasir pediatriyanın aktual mövzuları üzrə məruzələr təqdim olunub, tibbi yanaşmalar və yeni metodlarla bağlı geniş müzakirələr aparılıb.




