AZ   |   RU
Bu gün teatr xadimi, rəssam Nüsrət Fətullayevin doğum günüdür

Görkəmli teatr xadimi, rəssam Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda dünyaya gəlib.

Missiya.Az
xəbər verir ki, 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb.


Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından həmin kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək sözügedən vəzifəni icra edib.


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib.


Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938) və s. kimi xeyli sayda tamaşanın rəssamı olub.


Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.




Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 09:31