AZ   |   RU
Uşaqlar neçə yaşdan və necə işlərdə çalışa bilərlər? - AÇIQLAMA


Zaman-zaman müxtəlif işlərdə uşaqların çalışdığını, uşaq əməyinin istismarını görürük. Hətta azyaşlılar üçün daha riskli olan yerlərdə belə... Sözügedən məqamlar onları təhsildən yayındırır, sağlamlıq və həyatlarına zərbə vurur. Bəs bütün bunlar qanunla necə tənzimlənir? Uşaqlar hansı yaşdan etibarən və necə işlərdə fəaliyyət göstərə bilərlər? 

Vəkil Ramil Süleymanov Missiya.Az –a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 5-ci bəndinə əsasən 15 yaşına çatmamış şəxslər işə götürülə bilməzlər:

“Əmək məcəlləsində qeyd edilir ki, 15 yaşı tamam olmuş şəxsin valideyninin - qanuni nümayəndəsinin, qəyyumunun yazılı razılığı əsasında onların həyatına, sağlamlığına, mənəviyyatına təhlükə törədən işlər olmamaq şərti ilə əməyə cəlb edilə bilərlər və əmək müqaviləsi bağlamaq mümkündür”.



Hüquqşünas əlavə edib ki, 15 yaşından 16 yaşadək uşaqlar üçün qısaldılmış iş saatı tətbiq olunur:

“Bu, həftədə 24 saat təşkil edir. 16 yaşdan 18 yaşa qədər şəxslər üçün vaxt 36 saat müəyyən olunub. 16 yaşından az olan işçilərə əmək məzuniyyəti 1 il ərzində 42 gün, 16 yaşdan 18 yaşadək olanlara isə 35 təqvim günü verilir. Əgər qanunlara işəgötürən əməl edilməzsə bununla bağlı Əmək Müfəttişliyi tərəfindən müvafiq yoxlama aparılır. Qaydanı pozan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə görə, əgər işəgötürən tərəfindən 15 yaşına çatmayan şəxs işə cəlb olunduğu təqdirdə vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manata qədər inzibati qaydada cərimə edilirlər”.




Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 11:50