
Şair, dramaturq, tərcüməçi Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə dünyaya göz açıb.
Missiya.Az xəbər verir ki, o ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı. Bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — sözügedən prosesin çox mühüm bir tərəfi olub.
R. Rza da ilk şeirləri ilə həmin ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edib. Görkəmli şəxsiyyətin elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulub. Dərc olunan ilk şeri "Bu gün" də bunu hiss elmək mümkündür. Bu şeirdə şair bu gündən təsirləndiyini ifadə edib, bu günün şairi olduğunu elan edib:
Mənim şerim bu günün,
bu gündü mənim şerim,
bu günsüz yarın olmaz,
bu gün yoxsa yarınlar da qurulmaz.
1926-cı ildə çap olunan "Qızıl gənc qələmlər" məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Adı çəkilən topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı. R. Rzanın "Bolşevik yazı" şeri 1931-ci ildə "İnqilab və mədəniyyət" jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqət çəkib. Belə ki, tənqidçi M. Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş "Yaradıcılıq ixtilaflarımız" məqaləsi üçün R. Rzanın sözügedən şerinin misralarını epiqraf seçirdi:
Mübarizə bu gün də var. yarın da.
Mən də onun ən ön sıralarında.
Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R. Rzanın "Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair" kimi təqdim edib.
Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyıb. Onun bütün sonrakı poeziyasından, mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindən çıxış edərək görüşlərində həmin mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb.
Rəsul Rza 1981-ci il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Zərintac Mayisqızı
Missiya.Az