
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Görmək Gözəldir” adlı tibbi profilaktik aksiya həyata keçirilir.
Missiya.Az xəbər verir ki, aksiya çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində əhali arasında göz xəstəliklərinin vaxtında aşkarlanması və profilaktikasına yönəlmiş müayinələrin aparılması nəzərdə tutulur.
Tədbirin əsas məqsədi əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi, göz xəstəliklərinin erkən diaqnostikası və müalicəyə cəlb olunmasına nail olmaq, eləcə də Zərifə xanım Əliyevanın oftalmologiya sahəsindəki əvəzsiz xidmətlərini gənc nəsillərə tanıtmaqdan ibarətdir.
Aksiya Naxçıvan Sağlamlıq Mərkəzinin təcrübəli oftalmoloq həkimlərinin iştirakı ilə həyata keçirilir. Müayinələr Ailə Sağlamlıq Mərkəzlərində təşkil olunur və mərhələli şəkildə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.
İlkin olaraq Ordubad rayonu üzrə Dırnıs Ailə Sağlamlıq Mərkəzində başlayan aksiya çərçivəsində bu gün 70-dən artıq vətəndaş müayinədən keçib. Müayinələr zamanı müxtəlif göz patologiyaları aşkarlanıb və vətəndaşlara müvafiq tibbi məsləhətlər verilib, zəruri hallarda isə müalicə və ya əlavə müayinə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirmələr aparılıb.
Qeyd edək ki, bu cür aksiyalar əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Nurlana Əhmədova
Missiya.Az


