AZ   |   RU
15 aprel - Dünya İncəsənət Günüdür


15 Aprel- Dünya İncəsənət Günü kimi qeyd edilir.

Missiya.Az
xəbər verir ki, həmin əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.

Bununla bağlı qəbul edilən qətnamədə Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilib.

UNESCO bayrağı altında keçirilən sözügedən gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq beynəlxalq mədəniyyət günü kimi qeyd olunurdu.

Həmin tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi. Bu pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalayıb.

Azərbaycan da malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, mədəni dəyərləri adı çəkilən qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır. 




Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 09:50